Medianews.az
Ramiz Mehdiyevin Rusiyadan aldığı mükafatlar -
2,571 baxış

Ramiz Mehdiyevin Rusiyadan aldığı mükafatlar - SƏNƏD+FOTO

Ağır cinayətlərdə ittiham olunaraq ev dustaqlığına alınan Ramiz Mehdiyev bir vaxtlar təkcə Azərbaycanın yox, Rusiyanın da yüksək dövlət mükafatları ilə təltif olunub.

Medianews.az bildirir ki, 2008-ci il mayın 14-də Rusiya prezidenti Dmitri Medvedev Ramiz Mehdiyevin “Dostluq” ordeni (“Орден дружбы”) ilə təltif olunması haqqında sərəncam imzalayıb. Həmin sərəncamı hazırda internetdə açıq mənbələrdə də tapmaq mümkündür. 

10 il sonra - 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin Ramiz Mehdiyevin “Şərəf” ordeni (“Орден Почета”) ilə təltif edilməsinə dair sərəncam imzalayıb. O zaman Ramiz Mehdiyevin belə bir ordenlə təltif edildiyi Azərbaycan ictimaiyyətinə aprelin sonlarında Rusiyanın Soçi şəhərində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin təşkilatçılığı ilə keçirilən tədbirdə bəlli olub.

Aprelin 25-26-da Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu beynəlxalq görüşü keçirilib. Görüşdə 117 ölkə, o cümlədən Azərbaycan təmsil olunub. Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri kimi Ramiz Mehdiyev başçılıq edib.

Tədbir çərçivəsində Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında ayrıca görüş də olub. Həmin görüşdə Patruşev deyib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Vladimir Putin Ramiz Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Elə oradaca Nikolay Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib. Bu haqda xəbər həmin gün Rusiya və Azərbaycan mediasında yayılıb. Amma Vladimir Putinin Ramiz Mehdiyevin “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncamını indi də açıq mənbələrdə tapmaq mümkün deyil.

Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasına (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbərlik edib. 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Müxtəlif vaxtlarda Azərbaycanın “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

2025-ci ilin oktyabrında Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına alınan Ramiz Mehdiyev hazırda Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr.

278.1-ci maddə Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun