Medianews.az
“Qazaxıstan uranı Finlandiyaya Azərbaycandan daşınacaq” -
934 baxış

“Qazaxıstan uranı Finlandiyaya Azərbaycandan daşınacaq” - Politoloq

“Azərbaycanın nəqliyyat imkanlarından daha bir dövlət - uzaq Finlandiya da istifadə edəcək”. Bunu Medianews.az-a politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstana iki günlük səfəri çərçivəsində bu ölkənin lideri Kasım-Jomart Tokayevlə geniş fikir mübadiləsi aparıb: “Maraqlıdır ki, bu iki dövlətin lideri bir il əvvəl məhz Bakıda görüşmüşdülər. Aleksandr Stubb və Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində bir araya gəlmişdilər. Bakıdakı görüşdə Finlandiya Şimali Avropa regionunda və bütövlükdə Avropa İttifaqında Qazaxıstanın etibarlı tərəfdaşı adlandırılmışdı.

Finlandiyanın Mərkəzi Asiya ölkələri ilə ticarətinin təqribən 90 faizi məhz Qazaxıstanın payına düşür. Helsinkinin Qazaxıstanla əməkdaşlığı dərinləşdirməkdə başqa marağı da var. Finlandiyada iki atom elektrik stansiyası var və bu stansiyalar daima uranla təmin olunmalıdır. Finlandiya keçmiş illərdə uranı Rusiyadan alırdı. Ancaq indi bu mümkün deyil. Ona görə də Helsinki diqqətini Qazaxıstan uranına yönəldib. Beləliklə, Fransa ilə yanaşı Finlandiya da Qazaxıstandan uran alacaqsa, bu gələcəkdə Orta dəhliz və Azərbaycan üzərindən daşınacaq”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun