“Rusiya prezidenti Vladimir Putinin və Çin lideri Si Cinpinin orqan nəqli yolu ilə ömrü uzatmaq barədə söhbəti onların dünyagörüşü haqqında çox şey deyir”. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson bu fikirdədir.
Medianews.az-ın məlumatına görə, Mayk Conson bildirib: “Biz Çində orqan nəqli ilə bağlı dəhşətli hekayətlər eşitmişik, orada, yumşaq desək, könüllü olmayan donorlardan istifadə olunur. İndi belə bəyanatların açıq mikrofon sayəsində efirə çıxması yeni və çox ibrətamiz hadisədir. Bu, onların bizdən tam fərqli bir dünyagörüşünə malik olduğunu göstərir”.
Mayk Conson xatırladıb ki, Çində etnik və dini azlıq sayılan uyğurların orqanlarının qanunsuz yolla götürülməsi haqda hüquq müdafiəçiləri indiyədək çoxsaylı hesabatlar yayıblar: “Birləşmiş Ştatlar bundan sonra da mənəvi, etik prinsiplərə sadiq qalacaq, bu cür təcrübələrə qarşı çıxacaq. Artıq bu cür əməlləri qadağan etmək məqsədi daşıyan qanun layihəsi hazırlanır və yəqin ki, biz bu təşəbbüsü prioritet etməli olacağıq”.
Qeyd edək ki, bu həftə Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti, ardınca yapon işğalına müqavimət və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
Xarici medianın məlumatına görə, parada gedərkən Çin, Rusiya və Şimali Koreya liderləri - Si Cinpin, Vladimir Putin və Kim Çen In ölümsüzlük, daha doğrusu, insan ömrünün uzadılması imkanları barədə düşüncələrini bölüşüblər. Onların söhbəti mikrofonun açıq olması səbəbindən qeydə alınıb. Söhbət zamanı Çin lideri bildirib ki, əvvəllər insanlar nadir hallarda 70 yaşadək yaşayırdılar, indi isə 70 yaşında adam hələ də uşaq sayılır. Putin isə öz növbəsində qeyd edib ki, biotexnologiyaların köməyi ilə insan orqanlarını müntəzəm surətdə, sonsuz sayda transplantasiya etmək olar, nəticədə insanlar həmişə gənc qala bilərlər, hətta ölümsüzlüyə nail olmaq olar. Si Cinpin sonda əlavə edib ki, proqnozlara görə, bu əsrdə insanların 150 ilədək yaşamaq şansı var.
Qeyd edək ki, Çin və Rusiya liderlərinin hər birinin 72 yaşı var, Kim Çen In isə 41 yaşındadır.
Toğrul Əli,
Medianews.az