"Şamaxı" klubunun və U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna gətirilir.
Məlumatlara görə, bununla bağlı Ayxan Abbasovla Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında artıq razılıq əldə olunub. Ayxan Abbasovun Azərbaycan milli komandasının baş məşqçisi təyin edilməsi haqda qərarın yaxın saatlarda elan ediləcəyi gözlənilir.

Medianews.az bildirir ki, Ayxan Fərzux oğlu Abbasov 1981-ci ildə Bakıda doğulub.
Futbola 7 yaşında Buzovna qəsəbəsində, indiki Xəzər rayonunun Uşaq-Gənclər İdman Məktəbində oynamaqla başlayıb. İlk məşqçisi Böyükağa Abbasov olub.
Ayxan Abbasov Azərbaycanın aşağı yaş və gənclər (17 və 19 yaşa qədər) yığmalarında çıxış edəndən sonra böyük futbola "Xəzri Buzovna" klubu ilə qədəm qoyub. 1997/98 mövsümündə U18 komandasında əsas liqada oynayıb.
Sonra 6 ilini "Şəfa" klubunda keçirib (2002-ci ildə Mərkəzi Ordu İdman Klubunun tərkibində icarədə olub).

2004-2005-ci illərdə "Turan", 2006-2007-ci illərdə "İnter" komandalarında oynayıb.
2007/08 mövsümünə İmişlinin “MKT-Araz” klubunda başlayıb. Bu klubun tərkibində UEFA Kubokunun hər iki oyununda Polşanın “Qrotslin” klubuna qarşı çıxış edib. İmişli komandası məğlub olaraq turnirdən kənarlaşdırılandan sonra klub prezidenti komandanı buraxıb, Ayxan Abbasov isə Ağdamın "Qarabağ" klubuna keçib. 4 il "Qarabağ"da çıxış edib.
2011/12 mövsümündə "Turan"da oynayıb.

Məşqçi karyerası dövründə “Zirə”, “Sumqayıt”, “Turan” klublarının sükanı arxasına dayanmış Ayxan Abbasov 2024-cü ilin iyun ayında “Şamaxı" klubu ilə 1 illik müqavilə imzalayaraq bu kluba baş məşqçilik etməyə başlayıb.
2025-ci ilin martından o, eyni zamanda Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisi təyin edilib və AFFA onunla 2 illik müqavilə imzalayıb.
Medianews.az yada salır ki, Azərbaycan milli komandasına indiyədək Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni De Byazi, Fernandu Santuş baş məşqçilik ediblər.

Portuqaliyalı Fernandu Santuş Azərbaycan yığması 2025-ci il sentyabrın 5-də səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olandan sonra AFFA İcraiyyə Komitəsinin sentyabrın 8-də çıxardığı qərarla istefaya göndərilib.
Azərbaycan milli komandası FİFA reytinqində 210 yığma arasında 122-ci yerdədir.
Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan milli komanda dörd Avropa çempionatının seçmə mərhələsini qrupda sonuncu, dördünü sondan əvvəlki yerdə bitirib.
Dörd dünya çempionatının seçmə mərhələsində yığma qrupda sonuncu, ikisində sondan əvvəlki, birində axırdan üçüncü pilləni tutub.
Milli bir yol UEFA Millətlər Liqasının D liqasında qrup ikincisi olub, C liqasında bir yol üçüncü, bir yol ikinci, bir yol dördüncü (sonuncu) pillədə yer alıb.
Toğrul Əli,
Medianews.az