2026-cı ildən neft-qaz sahəsində və dövlət sektorunda çalışmayan, maaşı 8000 manatdan aşağı olan şəxslərin əməkhaqlarından aylıq gəlir vergisinin tutulub-tutulmayacağı məsələsi gündəmdədir.
Xatırladaq ki, neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyən və maaşı 8000 manata qədər olan şəxslərdən yeddi ildir heç bir gəlir vergisi tutulmur. Bu güzəşt Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən tətbiq olunur. 101.1-1-ci maddə neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyən, maaşı 8000 manatdan yuxarı olan şəxslər üçün də güzəşt müəyyənləşdirib: belə şəxslərin maaşının yalnız 14 faizi gəlir vergisinə çıxılır.
Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi yeddi illiyə qüvvədədir. 2019-cu ilin yanvarından tətbiq olunur, 2025-ci ilin sonunda başa çatır.
Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında neft-qaz sahəsində və dövlət sektorunda çalışmayan şəxslərə verilmiş güzəştlərin müddətinin uzadılması təklif olunub.

Sentyabrın 19-da məsələ ilə bağlı Medianews.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov deyib ki, təklifi komitənin üzvü Vüqar Bayramov səsləndirib: “Komitənin digər üzvləri təklifi dəstəklədi. Komitənin iclasında İqtisadiyyat Nazirliyinin şöbə müdiri, həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi də iştirak edirdi. Biz təklifi onların nəzərinə çatdırdıq. İndi İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti hesablama aparmalı, təklifin nə dərəcədə məqsəduyğun olub-olmadığını araşdırmalıdırlar. Yəni mütəxəssislər işləməlidirlər. Güzəşt müddətinin uzadılması zəruridirmi, nə dərəcədə əhəmiyyətlidir, dövlətin büdcəsi buna imkan verirmi? Bax, bu və digər suallara aydınlıq gətirilməlidir. Əgər güzəşt müddətinin hər hansı formada uzadılmasının mümkünlüyü qənaəti hasil olarsa, onda müvafiq qurum Vergi Məcəlləsinə düzəliş edilməsi üçün qanunvericilik təşəbbüsü ilə çıxış etməlidir. Hazırda güzəştin uzadılması ilə bağlı qanun layihəsi yoxdur, belə bir layihə yalnız İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin araşdırmalarından sonra ortaya qoyula bilər.
Bir məqamı da vurğulamaq istərdim. Hamı bilməlidir ki, bu, müəyyən bir dövr üçün nəzərdə tutulmuş güzəştlərdir və yeddi il qabaq ona görə tətbiq olunub ki, qeyri-neft sektoru inkişaf etsin, iş yerləri leqallaşsın, əmək haqları dövlətdən gizlədilməsin, şəffaflıq təmin olunsun. Artıq yeddi il ərzində bu proseslər baş verib. Ona görə müddət uzadılmazsa, vətəndaşlarımız buna normal yanaşmalıdırlar. Çünki bir daha deyirəm: güzəştlər müəyyən bir dövr üçün nəzərdə tutulmuşdu və onların tətbiqində konkret hədəflər vardı. Hədəflərə çatılıb, müddət isə sona yetir. Bütün bunları hər ehtimala qarşı qeyd edirəm. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq isə bizim təklifimiz güzəşt müddətinin uzadılması ilə bağlıdır. Komitənin hər bir üzvü bu təklifi dəstəkləyir. Amma təklifin qəbul olunub-olunmaması hərtərəfli təhlillərdən və müzakirələrdən asılıdır”.
Medianews.az qeyd edir ki, neft-qaz sahəsində və dövlət sektorunda işləyən və maaşı 2500 manata qədər olan şəxslərdən hər ay maaşının 14 faizi həcmində, yəni 350 manat gəlir vergisi tutulur. Maaş 2500 manatdan çox olduqda isə əməkhaqqının 2500 manata qədər hissəsinin yenə 14 faizi (350 manat), qalan hissəsinin isə 25 faizi gəlir vergisinə çıxılır. Məsələn, maaş 3500 manatdır. Bu halda gəlir vergisinin tutulması üçün maaş iki yerə - 2500 manata və 1000 manata bölünür. 2500 manat hissəsindən 14 faiz (350 manat), 1000 manat hissəsindən isə 25 faiz (250 manat) gəlir vergisinə cəlb olunur. Beləliklə, maaş 3500 manatdırsa, onda hər ay 600 manat gəlir vergisi tutulur.
Vergi Məcəlləsində dəyişiklik olmazsa, yəni 101.1-1-ci maddədə göstərilən güzəştlərin müddəti uzadılmazsa, yaxud yeni güzəşt formaları tətbiq edilməzsə, onda hazırda neft-qaz sahəsindən və dövlət sektorundan kənarda işləyən şəxslərin də maaşından gəlir vergisi eyni üsulla tutulacaq. Bu, həm maaşı 8000 manata qədər olanlara, həm də 8000 manatdan çox olanlara aiddir. Yəni Vergi Məcəlləsində dəyişiklik baş verməsə, vətəndaş istər neft-qaz sahəsində və dövlət sektorunda işləsin, istərsə də bu sektorlardan kənarda, fərq etməz, maaşı 2500 manata qədərdirsə, hər ay 14 faizi (350 manat), 2500 manatdan çoxdursa, onda maaşın 2500 manata qədər hissəsinin 14 faizi (350 manat), qalan hissəsinin isə 25 faizi gəlir vergisinə çıxılacaq.
Toğrul Əli,
Medianews.az