Medianews.az
“İran parlamentinin bəyanatı birbaşa Ermənistanı hədəf almaq deməkdir" -
436 baxış

“İran parlamentinin bəyanatı birbaşa Ermənistanı hədəf almaq deməkdir" - Politoloq

“İran parlamentinin Zəngəzur dəhlizinə qarşı bəyanat qəbul etməsi birbaşa Ermənistanı hədəf almaq deməkdir. Çünki Zəngəzur dəhlizi Ermənistan ərazisidir və rəsmi bu marşrut Yerevanın razılığı ilə açılır”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ İran siyasi sistemində ciddi fikir ayrılıqlarına, siyasi böhrana gətirib çıxarıb: “Prezident Məsud Pezeşkian və onun administrasiyası Zəngəzur dəhlizinə dəstək verir. Amma ali dini rəhbər Əli Xamnei və ona bağlı mühafizəkar qurumlar Zəngəzur dəhlizinə qarşı çıxır və prezidenti hədəf alırlar.

İran parlamentinin bəyanatı ali dini rəhbərin siyasi göstərişləri ilə qəbul edilib. Parlament və ali dini rəhbərə tabe olan qurumlar prezident Pezeşkianın qonşularla normal siyasət aparmasına imkan vermir. Hətta prezidenti İsrailə xidmət etməkdə günahlandırırlar.

Göründüyü kimi, İranda güclü olan mühafizəkar dairələr xalqın seçdiyi prezidentə qarşı hərəkətə keçib. Proseslər bu müstəvidə davam edərsə, növbəti mərhələdə Pezeşkianın seçkilərə qatılmasına icazə verilməyə bilər. Həmçinin onun hazırda öz səlahiyyətlərindən istifadə edib İranı beynəlxalq birliklə normal münasibətlər qurmasına imkan verilmir. Faktiki olaraq Pezeşkian səlahiyyətsiz bir çərçivəyə salınıb. Baxmayaraq ki, 12 günlük müharibədə Pezeşkian xalqla birgə oldu.

Pezeşkiana qarşı bütün təzyiq və hücumların arxasında ali dini rəhbər Əli Xamnei dayanır. Ali rəhbər həmçinin Azərbaycan və Türkiyəyə qarşı sərt xətt siyasətini idarə edir.

Tehran rejimi İsraillə 12 günlük müharibədən nəticə çıxarmaq əvəzinə daha da sərt siyasətə üstünlük verib. Prezident Pezeşkianın Qərblə konusturiktiv siyasətinin qarşısı alınır. Artıq Avropa ölkələri və ABŞ İrana qarşı növbəti sanksiyaların anonsunu verib.

Əgər yaxın perspektivdə İran öz siyasətində korrektələr etməsə, İsrail və ABŞ islam respublikasına yenidən hərbi əməliyyatlara başlaya bilər.

İranı Zəngəzur dəhlizi məsələsində narahat edən əsas məsələ Qərbdən Şərqə və əksinə daşınan yüklərin onun nəzarətindən tam çıxmasıdır. İran ona görə tək "Araz dəhlizinin" fəaliyyətində maraqlıdır ki, beynəlxalq daşımalar öz nəzarətində olsun.

Amma İranın Zəngəzur dəhlizinin açılmasının qarşısını ala biləcəyi mümkün görünmür”.

Xatırladaq ki, ötən həftə İran parlamenti rəsmi bəyanat yayaraq Zəngəzur dəhlizinə qarşı sərt mövqe nümayiş etdirib. Bəyanatda dəhliz “kollektiv təhlükəsizlik üçün birbaşa təhdid” kimi təqdim olunub. İddia edilib ki, Cənubi Qafqaz təkcə coğrafi məkan deyil, həm də İranın “təhlükəsizlik perimetri, strateji dərinliyi və sivilizasiya sahəsinin” tərkib hissəsidir. Parlament Zəngəzur dəhlizi layihəsinin “tanınmış sərhədlərin dəyişdirilməsi və zorla koridorların yaradılması” anlamına gəldiyini bildirərək, bunun BMT Nizamnaməsinə zidd olduğunu qeyd edib.

İran parlamenti bəyan edib ki, belə addımlar “ölkənin təhlükəsizliyinə və milli maraqlarına təcavüz” kimi qiymətləndiriləcək və bütün siyasi-hüquqi vasitələrlə qarşısı alınacaq. Parlament həmçinin regionda hər hansı iqtisadi və tranzit layihəsinin yalnız “İranın geoiqtisadi mövqelərinə hörmətlə” mümkünlüyünü vurğulayıb.

Bəyanatda daha da irəli gedilərək, Cənubi Qafqazın İrana “həyati əhəmiyyətli” olduğu, xarici dövlətlərin iştirakı ilə hər hansı əməkdaşlığın isə yolverilməz sayıldığı qeyd olunub.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun