Medianews.az
Çempionlar Liqası: “Qarabağ” hansı pillədədir?
911 baxış

Çempionlar Liqası: “Qarabağ” hansı pillədədir?

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin üç turu geridə qalıb. Azərbaycan təmsilçisi “Qarabağ” 36 komandalıq yarışda 6 xalla 13-cü pillədədir.

Medianews.az bildirir ki, daha altı komandanın bu qədər xalı var, iki komanda 7, beş komanda 9, bir komanda 5 xal yığıb.

Səkkiz turluq raundda ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürüləcək: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

Qalan beş turda “Qarabağ” İngiltərənin “Çelsi”, Niderlandın “Ayaks”, Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları ilə evdə, İtaliyanın “Napoli”, İngiltərənin “Liverpul” komandaları ilə səfərdə görüşəcək.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 25-ci pillədədir. Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 4,875 əmsal əldə edib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun