“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafı müşahidə olunur”. İqtisadçı deputat Vüqar Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfərini Medianews.az-a şərh edərkən belə deyib.

V.Bayramov bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı özünü qarşılıqlı iqtisadiyyat dövriyyəsində, eyni zamanda investitsiya qoyluşlarında da bariz göstərir: “Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın yaşıl enerji sektoruna investisiya qoyan ölkələrdən biridir. Qarşılıqlı səfərlər ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edir. BƏƏ Azərbaycanın Körfəz bölgəsində əsas tərəfdaşlarından biridir”.

V.Bayramov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasının da xüsusi mənası var: “Qarabağda inşa edilən hava limanları ilə bağlı bəziləri müəyyən fikirlər irəli sürürdü. İndi isə görürük ki, Qarabağa dünyanın fərqli ölkələrindən birbaşa uçuşlar var, hətta yüksək səviyyəli rəsmilər də xaricdən Azərbaycan gələrkən birbaşa Qarabağ bölgəsinə enə bilirlər. Bütün bunlar bir daha sübut edir ki, Qarabağda inşa edilən hava limanları təhlükəsizlik, nəqliyyat, turizmin inkişafı, həm də beynəlxalq səfərlərin təşkili baxımından çox vacibdir. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və azad olunmuş torpaqlarımızda artıq rəsmi şəxslərin qəbulu da həyata keçirilir. Dünyanın aparıcı ölkələrindən birbaşa Qarabağa rəsmi səfərlər təşkil olunur”.

Qeyd edək ki, BƏƏ Prezidenti Azərbaycana sentyabrın 16-da rəsmi səfərə gəlib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayarkən Prezident İlham Əliyev ona işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verib.

Sonra Prezidentlər avtomobillə Füzuli şəhərini gəziblər. Dövlət başçıları Şuşaya gedərkən Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil də çəkdiriblər.

Şuşada BƏƏ Prezidentinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda BƏƏ Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İki dövlətin himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezidentlərin qarşısından keçib. Azərbaycan nümayəndə heyətinin üzvləri BƏƏ Prezidentinə, BƏƏ-nin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunublar.

Şuşada Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü olub. Sonra Azərbaycanla BƏƏ arasında imzalanmış sənədlərin Prezidentlərin iştirakı ilə mübadiləsi mərasimi reallaşıb.
Nailə Qasımova,
Medianews.az