Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat – professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.
Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.
Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.
Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universiteti yaradılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Bu statusa doğru addımlamaq üçün hansı işlər görülməlidir? Tədqiqat Universitetinin fərqləndirici keyfiyyətləri nədən ibarətdir?
Bu sahədə mühüm vəsaitlərin öyrənilməsi və təhlili olduqca vacibdir. Bu istiqamətdə yazılmış fundamental əsərlərdən biri Rodjer Qayqerin “Bilik və pul” kitabıdır.
Professor Rodjer Qayqer 99 Tədqiqat Universitetində 20 il tədqiqat aparıb. Qayqer bazar qüvvələrinin universitetlərə təsirinin 4 mühüm sahəsini təhlil edib: maliyyə, baza ali təhsili, elmi tədqiqatlar və elmi tədqiqatların regional və milli iqtisadiyatın inkişafına təsiri.
Qayqer yazır: “Amerika Birləşmiş Ştatlarında tədqiqat universitetləri XXI əsrə qədəm qoyub. Dünyanın ən yaxşı tələbələri və elmi işçiləri bu ölkənin tədris prosesinə can atmağa çalışırlar. Alim camiyəsi bu universitetləri tədqiqat aparmaq üçün ən rahat yer hesab edirlər. Tanınmış sponsorlar universitetlərə maliyyə vəsaitini durmadan artırırlar. Universitetlər isə cəmiyyətə daha çox fayda vermək üçün şüurlu və uğurlu fəaliyyətlərini gücləndirirlər”.
Kitabda universitetlərin bilik yaratmaq, təkmilləşdirmək və yaymaq kimi özəl keyfiyyətləri təhlil olunur. Müasir universitetlər biliklərin saxlandığı məkandır. Bu biliklər kitabxanalarda, muzeylərdə, arxiv və institutlarda saxlanılır. Ancaq biliyin ən əsas fondu müəllimlərin və mütəxəssislərin beynində yerləşir. Əksər universitetlərdə baza ali təhsilin keyfiyyəti statusu ilə elmi-tədqiqat fəaliyyətinin keyfiyyəti statusu arasında əlaqələr zəifdir. Bu əlaqələri necə gücləndirmək olar? Qayqer bu paradoksu təhlil edir. Universitetlər ən yaxşı tələbələr və müəllimlərin cəlb olunması üçün rəqabət aparırlar. Tədqiqat universitetlərinin maliyyə tutumu burada mühüm rol oynayır.
Birinci yerdə puldur.
Etibar Əliyev,
təhsil eksperti
