Medianews.az
Azərbaycanda şirin su azalır –
1,043 baxış

Azərbaycanda şirin su azalır – Qeyri-ənənəvi yola əl atmaq lazım gələcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edərkən ölkəmizin şirin su ehtiyatlarının 25 faiz azaldığını söyləyib. Onun sözlərinə görə, 1980-ci illərdən indiyədək Xəzər dənizinin səviyyəsi təxminən iki metr enib, Kür çayının sularında isə analoji həcmdə azalma müşahidə olunub: “Bu faktlar regionda iqlim dəyişikliyinin açıq göstəricisi kimi dəyərləndirilir. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilərin həcmi hələ də yüksək olaraq qalır. Bununla yanaşı, əhalinin yalnız üçdə biri müasir tullantı sularının təmizlənməsi xidmətlərinə çıxış imkanına malikdir”.

Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev də ötən həftə “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında bildirmişdi ki, Azərbaycanın su ehtiyatları olduqca məhduddur: “Çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi ölkə ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə isə 30-35 faiz azalması gözlənilir”.

Medianews.az saytı ölkəmizdə şirin su ehtiyatlarının azalması problemi ilə bağlı ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasova müraciət edib.

R.Abbasov bildirib ki, Azərbaycanda iqlim dəyişmələrinin təsiri günü-gündən artır: “Bu özünü su ehtiyatlarının azalmasında da göstərir. Azərbaycanın su ehtiyatlarının 20 faizə qədər azaldığı artıq hesablanıb. Bu təsirin getdikcə daha da çox olacağı gözlənilir. Deməli, gələcəkdə bizdə ənənəvi su ehtiyatlarından istifadə məhdud olacaq. Problemin həlli üçün ilk növbədə alternativ su mənbələrindən istifadə etmək gərəkdir. Təbii ki, alternativ su mənbələri deyəndə biz Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasını, ümumiyyətlə mineral qrunt sularının duzsuzlaşdırılmasını və eləcə də çirkab sularının təzədən istifadəsini nəzərdə tuturuq. Bundan ötrü Azərbaycanda çox böyük imkanlar var. Xüsusilə Abşeron yarmadasında Azərbaycanın 825 kilometrlik sahil zonasında Xəzər suyunun duzsuzlaşdırılaraq istifadə olunması böyük imkanlar vəd edir. Eləcə də kollektorlar vasitəsilə Xəzər dənizinə gedən istifadə olunmuş kənd təsərrüfatı sularının duzsuzlaşdırılıb yenidən istifadəyə verilməsi imkanları var”.

R.Abbasov qeyd edib ki, çirkab sularının təmizlənib yenidən istifadə olunması praktikası dünyanın inkişaf etmiş ölkələrində geniş yayılıb: “Yaponiya, ABŞ, Fransa, Almaniya kimi ölkələrdə çirkab suları təmizlənərək yenidən istifadə edilir. Azərbaycanda da bunun üçün geniş imkanlar var. Təkcə Bakı şəhərində bu gün əmələ gələn çirkab sularının ümumi miqdarı saniyədə 15-20 kub metrə yaxındır ki, bu sular təmizlənərək yenidən istənilən bir məqsəd üçün istifadə oluna bilər. Hesab edirəm ki, bu cür yanaşmalar Azərbaycanda gələcəkdə suya çıxışın artırılmasını təmin edəcək, həm də bizim su obyektlərindən götürülən suyun azalmasına kömək göstərəcək. Sudan istifadənin effektiv olmasını artıracaq”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun