Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təyyarəsinin GPS sisteminin müdaxilə yolu ilə hücuma məruz qalması barədə məlumatı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Biz təsdiq edə bilərik ki, GPS naviqasiyası pozulub, lakin təyyarə uğurla eniş edib. Bu insident sədrin cəbhəyanı dövlətlərə hazırkı səfərinin əhəmiyyətini vurğulayır, burada o, Rusiya və onun əlaltılarının gündəlik təhdidlərini öz gözləri ilə gördü", - Podesta bildirib.
14:04
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə daşıyan təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" anonim mənbələrə istinadən məlumat verib.
Belə ki, avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə aparan təyyarəyə edilən elektron hücumlar GPS sistemini sıradan çıxarıb.
Pilot bu səbəbdən kağız xəritəyə baxaraq hava limanına eniş edib.
Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın baş naziri ilə silah-sursat zavodunu ziyarət etmək üçün səfər edib.
Qeyd olunur ki, fon der Lyayen həmin təyyarə ilə də Plovdiv şəhərini tərk edib.