Avqustun 8-i ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Artıq Azərbaycanın dövlət başçısı ABŞ paytaxtındadır.
ABŞ-də yaşayan azərbaycanlı jurnalist Aleks (Ələkbər) Raufoğlunun avqustun 7-də sosial media platformasında yaydığı məlumata görə, görüşdə bu sənədlərin imzalanması nəzərdə tutulur:
- Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.
- Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin artıq mətni razılaşdırılmış sülh sazişini paraflaması.
- Hər iki ölkənin ATƏT-in Minsk qrupundan çıxdığını rəsmən təsdiqləyən birgə məktub.
- Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan anlaşma memorandumları.
Medianews.az xatırladır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdığı 2025-ci il mart ayının 13-də rəsmən bəyan olunub. Lakin sazişin mətni hələ ki, Azərbaycan və Ermənistan ictimaiyyətinə açıqlanmayıb.
Avqustun 8-də Vaşinqton görüşündən sonra sazişin mətni ictimaiyyətə açıqlana bilərmi? Yəni biz sabah sülh sazişinin mətnini görə biləcəyikmi, orada nə yazıldığından xəbər tutacağıqmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-də keçiriləcək görüş böyük əhəmiyyətə malikdir: “İlk növbədə əhəmiyyəti ondan ibarətdir ki, ABŞ bu prosesdə aktiv rol alaraq tərəfləri danışıqlar masasına dəvət edib və sülh prosesini sürətləndirmək niyyətindədir. Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampla həm ikitərəfli, həm də üçtərəfli görüşlərində mühüm addımların atılacağı gözləniləndir. Ehtimal olunan variantlardan biri razılaşdırılmış sülh sazişinin mətninin paraflanmasıdır.
Sülh sazişinin mətni təxminən bəllidir. Burada əsas prinsiplər əksini tapıb. Söhbət ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıması, gələcəkdə bir-birinə qarşı ərazi iddiası irəli sürməməsi, güc tətbiq etməməsi və digər bu kimi beynəlxalq hüquqla tənzimlənən məsələlərdən gedir”.
O.Qasımov paraflamadan sonra saziş mətninin ictimaiyyətə açıqlanacağını gözləmir: “Məncə, mətnin ictimai şəkildə açıqlanması tezliklə baş verməyəcək və onun hələlik məxfi saxlanması məqsədəuyğun sayılacaq. Çünki Azərbaycanla Ermənistan arasında sülh prosesini istəməyən kənar güclər, regionda marağı olan Rusiya, İran, regiondan kənarda Fransa və digər ölkələr var. Belə ölkələr sülh prosesinə mənfi yöndən müdaxilə edə bilərlər. Eyni zamanda məhz onların təhriki ilə Ermənistanın daxilində müəyyən gərginliklər baş qaldıra bilər. Revanşist və xaricdən dəstəklənən qüvvələr Ermənistanda vəziyyəti gərginləşdirməyə çalışa bilərlər. Bu baxımdan hesab edirəm ki, indiki şərtlərdə mətnin açıqlanmasına ehtiyac yoxdur”.
Xatırladaq ki, sülh sazişinin paraflanması ilə imzalanması arasında əsas fərq razılaşmanın əhatə dairəsi və hərəkətin rəsmiliyindədir. Paraflama diplomatik danışıqların sonunda razılaşdırılmış mətnin təsdiqidir. Yəni sazişin paraflanması o deməkdir ki, tərəflər bu sənəd üzrə razılığa gəliblər. Bu akt sənədin rəsmi və hüquqi cəhətdən qüvvəyə mindiyini yox, növbəti mərhələdə imzalanmağa hazır olduğunu göstərir.
İmzalama bütün sənədin rəsmi təsdiqidir, paraflama isə sənədin müəyyən hissələri, ayrı-ayrı səhifələr və ya bəndlər ilə təsdiq və ya razılaşmanı göstərə bilər.
Paraflama diplomatik danışıqlar nəticəsində sənədin mətninə dair razılığın əldə edildiyini göstərən ilkin təsdiqdir. Bu mərhələdə sənədin hüquqi qüvvəyə minməsi baş vermir. Sənədin paraflanması onun imzalanmağa hazır olduğunu nümayiş etdirir, lakin bu, hələ öhdəlik doğuran bir hüquqi akt deyil.
İmzalama artıq tərəflərin razılaşdırılmış sənədi rəsmi şəkildə təsdiqləməsidir. Bu mərhələdən sonra sənəd ya avtomatik olaraq qüvvəyə minir, ya da əlavə ratifikasiya (təsdiqləmə) prosesinə ehtiyac yaranır. İmzalanmış və qüvvəyə minmiş sənəd hüquqi öhdəlik yaradır. Paraflanmanın belə bir məcburiyyət yaratmaq gücü yoxdur, imzalamada isə var.
İmzalanma aktını adətən ölkə rəhbərləri həyata keçirirlər. Paraflanma zamanı isə sənədi adətən tərəflərin danışıqlarda iştirak edən nümayəndələri imzalayırlar.
Nailə Qasımova,
Medianews.az