05.08.2025, 13:29
286 baxış
Azad
Putin yatmış Avropanı oyadıb
Putin Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaqla yatmış Avropanı oyadıb. Belə görünür ki, bundan sonra Avropanın əleyhində, qarşısında olan dövlətlər gələcəkləri ilə bağlı dərindən düşünməli olacaqlar.
Bütün Avropa boyu hərbi zavodların, xüsusilə də dron istehsal edən zavodların tikintisi görünməmiş vüsət alıb.
Elə bir vəziyyət yaranıb ki, nəhəng avtomobil şirkətlərinin dron istehsalına başlayacağı, musiqi axını proqramlarının dron istehsalına sərmayə yatırmağa başladığı haqqında məlumatlar yayılır.
Artıq Fransanın dünyaca məşhur “Renault” avtomobil şirkətinin də Ukraynada dron istehsalına başlayacağı bildirilir.
Avropanın iki ən böyük musiqi axını proqramından biri olan İsveçin “Spotify”ın baş direktoru Daniel Ekə məxsus Prima Materia Fondu Almaniyanın dron istehsal edən “Helsing” şirkətinə 100 milyonlarla sərmayə yatırır.
Döyüş meydanından toplanmış böyük həcmdə məlumatları təhlil edən süni intellekt proqram təminatının satışında ixtisaslaşmış “Helsing” şirkəti Ukraynaya dörd min HF-1 kamikadze pilotsuz uçuş aparatını verdikdən sonra indi də altı min HX-2 hücum dron verməyə hazırlaşır.
HX-2 dronları mexaniki görmə və süni intellekt sistemi ilə təchiz olunub. Uçuş məsafəsi 100 kilometr olan HX-2 dronları radioelektron mübarizə vasitələrindən yayınma qabliyyətinə malikdir. “Helsing” şirkəti bütün Avropa boyu yeni zavodlar qurmağı hədəfləyir.
Bu iki hal (avtomobil istehsalçısı və musiqi platforması sahibinin dron istehsalına başlaması) Avropanın hərbiləşməsinin bu günə qədər görünməmiş miqyas alması deməkdir. Sərmayə, texnologiya, elm və bacarıqlı kadrların varlığı Avropanı gerçək bir hərbi-texnoloji gücə çevirəcək.
Avropada heç bir siyasi cəryan, təşəbbüs belə bir vəziyyətin yaranmasına nail ola bilməzdi. Rusiyanın heç bir vaxt arzulamadığı bu vəziyyəti Putin Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaqla yaradıb. Bunun cəzasını isə Rusiya və rus xalqı çəkəcək.
Xaqani Cəfərli,
politoloq
Paylaş: