Medianews.az
Rusiyanın "Ayvazyan isteriyası" - <span style=color:red>Erməni revanşizmini yenidən qızışdırmaq cəhdi
1,135 baxış

Rusiyanın "Ayvazyan isteriyası" - Erməni revanşizmini yenidən qızışdırmaq cəhdi

İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Sərlövhədən də göründüyü kimi agentlik tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini oradan çıxarıb. Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi (məsələn, 19 iyul - https://tass.ru/mezhdunarodnaya-panorama/24558165, 24 iyul - https://tass.ru/politika/24602463 və s.). AZƏRTAC-ın xəbərdarlığı Həmin gün Azərbaycanın dövlət informasiya agentliyi AZƏRTAC-ın yaydığı bəyanatda deyilir ki, TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi “diriltmək” qərarına gəldi? Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, “Xanın kəndi” deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at ilxısı saxlanılırdı. 1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra (bu addım özü zamanla partlayacaq mina olmuş və Ermənistan-Azərbaycan inzibati-ərazi bölgüsündə ədalətsizliyin və disbalansın əsasını qoymuşdu) vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi, “Bakı kommunasının rəhbəri”, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı qaytarıldı. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və son prezident seçkiləri günü – 2024-cü il fevralın 7-də o, bu şəhərdə səs verdi, qutuya atdığı bülleteni “erməni separatçılarının tabutuna vurulmuş son mıx” adlandırdı. AZƏRTAC-ın bəyanatında bildirilir ki, TASS agentliyinin xəbərinin sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu: “Rusiya dövlət media orqanının rəhbərliyinin əvvəlki kursdan geri çəkilməsi agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini sarsıdır və bütün Rusiya media məkanına təhlükəli siqnal göndərir. Yalnız xoş niyyət və iki agentlik arasında uzunmüddətli əlaqələrin qorunması istəyindən çıxış edən AZƏRTAC TASS-dakı həmkarlarını gələcəkdə bu cür addımları təkrarlamamaq və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, münasibətləri yaxşılaşdırmağa yönəlməyə çağırır. Öz növbəsində AZƏRTAC bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlıdır, eyni zamanda, rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq”. Xarici İşlər Nazirliyinin xəbərdarlığı Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin Xankəndidəki büstünün sökülməsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Xankəndinin “Stepanakert” adlandırılması məsələsinə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də münasibət bildirib. A.Hacızadə deyib ki, Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasına qoşulur. A.Hacızadə qeyd edib ki, “erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi: “Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur. Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksəkvəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur. Cənab Şvıdkoyun bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərinin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur. Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir. Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi. Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər. TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”. TASS-ın reaksiyası Azərbaycanın sərt reaksiyasından sonra TASS öz xəbərində “Stepanakert”i “Dağlıq Qarabağ” ifadəsi ilə əvəz edib. Halbuki Azərbaycanda nə “Stenapakert”, nə də “Dağlıq Qarabağ” adlı ərazi vahidləri yoxdur. Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri Qarabağ iqtisadi rayonuna daxildir. Politoloqun şərhi Politoloq Aydın Quliyev Medianews.az-a açıqlamasında deyib ki, Rusiyanın "Ayvazyan isteriyası" erməni revanşizmini yenidən qızışdırmaq cəhdidir: “Rusiya Azərbaycanla münasibətləri gərginləşdirən addımları ilk olaraq atdı, bu gün də davam edir. Ötən ilin dekabrında AZAL-ın sərnişin təyyarəsini vurdu, cinayət əməlindən sonra vəziyyəti yumşalda bilən çox sadə jestləri etmədi. Ardınca cinayətlə mübarizə adı altında azərbaycanlıların fiziki məhv edilməsi əməliyyatını keçirdi. Ardınca diaspor fəallarını amansızcasına təqib etdilər. İş adamlarını repressiya etdilər. Bu da davamı və yeni hadisə.... Hələ tarixdə olmayıb ki, bir ölkə digərinin üstünə, həm də dost dediyi ölkənin üstünə bu qədər yeriyə, hər dəfə dozasını artıra, həm də qarşı tərəfdən "dostluğa sədaqət uma"... Rusiyanın dövlət informasiya agentliyi TASS özünün gündəlik ana xəbəri statusunda Xankəndi şəhərində Ayvazyanın heykəlinin tam qanuni olaraq sökülməsini guya mədəni barbarlıq faktı kimi təqdim edib. Üstəlik, Xankəndi şəhərini çoxdan "öldürülmüş Stepanakert" adlandırıb. Halbuki bolşeviklərin böyük cinayət edərək 1923-cü ildə Xankəndiyə Stepanakert adı qoymasına baxmayarq düz 68 il sonra - 1991-ci ildə Azərbaycan Xankəndi adını yenidən Qarabağ xanlarının ruhu yaşayan şəhərin özünə qaytarıb. Sonrakı 30 ildə elə Rusiyanın dəstəklədiyi erməni separatçıları şəhəri yenidən Stepanakert adlandırsalar da, uzun sürmədi və bu şanlı şəhər "Stepanakert ləkəsini" üstündə saxlamadı. 2023-cü ilin sentyabrında şəhər azad edildi, Xankəndi adı yenidən qaytarıldı, oktyabrın 15-də Azərbaycan Prezidenti şəhərə dövlət bayrağı sancaraq "Xankəndi Azərbaycan şəhəri olub və olacaq" sözlərini tarixə yazdı... İndi nə ad qoymaq olar ki, TASS ən azı son 2 ildə Xankəndi dediyi şəhərə birdən- birə dönüb "Stepanakert" deyir?! Bu, Azərbaycanın suverenliyinə, toponim qanunlarına ən azı hörmətsizlikdir. TASS bir daha göstərir ki, 44 günlük müharibədən sonrakı 2 il ərzində Rusiya Qarabağda tələm-tələsik heykəllər parkı düzəldəndə, Ayvazyan kimi Azərbaycana və Qarabağa heç bir aidiyyəti olmayanların heykəllərini qoyanda sağlam siyasi niyyətlər güdmürdü. Rusiyanın bu addımına Azərbaycanın cavabları və cavab arqumentləri yetərli qədərdir... Ancaq bir şey də aydındır ki, Rusiya Azərbaycana qarşı erməni revanş siyasətini yenidən qızışdırmaq planından əl çəkməyib”. Toğrul Əli, Medianews.az  

Bizə qoşulun