“Çox istərdik Ağdam Muğam Mərkəzində Qədir Rüstəmovun 90 illik yubileyi keçirilsin”
“Ağdam işğal olunan günü biz ordan çıxmışıq. Hətta maşınımızın benzini qurtardı, bir nəfər gəlib kömək etdi və biz çıxa bildik. Oğuza gəlib, orada yerləşdik. Qədir müəllim hər həftə Quzanlıya gedib-gəlirdi. Elə bilirdi ki, 1 həftə sonra, 10 gün sonra Ağdama qayıdacaq. Heç cür barışmırdı. Ulu Öndər Heydər Əliyev onu qəbul edəndə dedi ki, mən sənə söz verirəm ki, bir qarış torpağımız da ermənilərdə qalmayacaq, mən buna razı ola bilmərəm. Çünki o sənətlə məşğul olmurdu, toylara getmirdi, konsert vermirdi. Bu da hər kəsi, dövlət başçısını da üzürdü. Heydər Əliyev ona dedi ki, sən narahat olma, get oxu, sənətlə məşğul ol. Ulu Öndərin bu sözündən sonra Qədir müəllim gedib bir neçə muğam yazdırdı. Amma Ağdamı heç vaxt yadından çıxartmadı. Hər həftə əsgərlərin yanına, postlara, hərbi hissələrə gedirdi. Əsgərlərin toylarını edirdi, onları əyləndirirdi, hərbi hissələrdə qalırdı. Onlar Qədir müəllimə silah da, hərbi geyim də vermişdilər. Günlərlə yemək yemirdi, çay içmirdi, qəlyan çəkirdi, əsəbi gəzirdi, depressiyada idi. Bu gün sağ olsaydı, Ağdamın azadlığını görsəydi bəlkə də nə qədər yaşayardı”
Bunu
Medianews.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Qədir Rüstəmovun ömür-gün yoldaşı Fatma Rüstəmova deyib.
Sənətkarın həyat yoldaşı daha sonra onu narahat edən səbəblərdən danışıb:
“Qarşıdan Qədir Rüstəmovun 90 illik yubileyi gəlir. Çox istərdim ki, Ağdamda yeni istifadəyə verilən Muğam Mərkəzində 90 illik yubileyi qeyd olunsun. Bunu nəinki ailəsi olaraq biz, bütün Qədirsevərlər istəyir. Azad Ağdamı görmək özünə qismət olmadı, amma ruhu orada gəzir. Yubileyi qeyd olunsa onun da ruhu şad olar. Bu qədər müsabiqələr, muğam gecələri, sənət günləri keçirilir, bir dəfə də olsun Qədir Rüstəmovun adını çəkmirlər. Bir neçə Ağdamdan olan sənətkar yalnız özlərini göz önündə göstərirlər. Heç vaxt Qədir müəllimin adını çəkmirlər. Elə bil ki, Ağdamın Qədir Rüstəmov adında sənətkarı olmayıb. Bütün bu nüanslar ailəsi olaraq bizi çox narhat edir. 90 illiklə əlaqədar Mədəniyyət Nazirliyinin öz təşəbbüsünü gözləyirik. Əslində yubiley gününə qədər silsilə tədbirlər keçirilməlidir. Bütün bunlar təşkil olunmalıdır. Aidiyyəti qurumlar var. Ağdamı İcra Hakimiyyəti bir dəfə də olsun maraqlanmır ki, bəlkə bu tədbirlərdən birinə Qədir Rüstəmovun ailəsindən də bir nəfər dəvət edək?! Yalandan gözdən pərdə asmaq olmaz. Ağdam deyəndə yada Qədir Rüstəmov düşür. Qədir müəllim sənətdən başqa heç bir işlə məşğul olmayıb. Qədir Rüstəmov dərd çəkə-çəkə o biri dünyaya getdi. Allah cənab prezidentimizə, ordumuza, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin”.
Medianews.az