Məhəmməd Əsədullazadə,
siyasi ekspert
21.07.2025, 12:00
145 baxış
Azad
İstanbulda Rusiya və Ukrayna arasında növbəti danışıqlar
İstanbulda Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək. Bu danışıqlar tərəflər arasında ikitərəfli şəkildə razılaşdırılıb. Kiyev və Moskva arasında rabitə kanalı işləyir və tərəflər ünsiyyətdədir. Rusiyanın Kiyevin təklif etdiyi İstanbul danışıqlarına razılıq verməsi əsasən artan hərbi və iqtisadi təzyiqlərdən qaynaqlanır.
Avropa İttifaqının 18-ci sanksiyalar paketi və ABŞ-ın Ukraynaya hərbi yardımları intensivlədirməsi, həmçinin 50 gün sonra Vaşinqtondan gözlənilən sanksiyalar Kremli danışıqlar masasına əyləşdirir. Əgər Rusiya danışıqlar görüntüsü yaradacaqsa, bu, Moskvanın əleyhinə işləyəcək. Necə ki, Putin Trampla telefon danışıqlarında manipulyasiya edəndən sonra Ağ evin sərt xətt siyasəti ilə üzləşdi. Məhz bu telefon danışığından sonra Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi.
Göründüyü kimi, ABŞ və Avropa İttifaqı Rusiyaya münasibətdə eyni mövqedən çıxış edərək koordinasiyalı davranır.
İstanbulda keçirilən danışıqlarda əsirlərin dəyişdirilməsi və rabitə kanalının açıq saxlanması razılaşdırılacaq. Həmçinin strateji mülki obyektlərə hücumlar edilməməsi barədə razılıq əldə edilə bilər. Amma Rusiyanın növbəti dəfə Ukraynanın ərazi bütövlüyünə qəsd olan təkliflərlə çıxış etməsi bu danışıqlara kölgə salacaq.
Danışıqlarda Putinlə Zelenski arasında görüşün keçirilməsi müzakirə edilə bilər. Ukrayna belə bir görüşə hazırdır. Amma Putin nə Trampla, nə də Zelenski ilə görüşə hazır deyil.
Yaxın perspektivdə cəbhə xəttində Ukrayna üstünlük əldə edərsə və ABŞ yeni sanksiyalar tətbiq edərsə, Tramp, Zelenski və Putin arasında üçtərəfli görüş baş tuta bilər. Əslində Trampın planı bundan ibarətdir. Ona görə də ABŞ-ın Ukraynaya hərbi yardımları intensivlədirəcəyi gözlənilir.
Məhəmməd Əsədullazadə,
siyasi ekspert
Məhəmməd Əsədullazadə,
siyasi ekspert
Paylaş: