16.07.2025, 14:00
118 baxış
Azad
Kiber-arılar: Çində həşəratların beyninə elektron cihazları nə məqsədlə yerləşdirirlər?
Çinli alimlər kəşfiyyat, eləcə də xilasetmə əməliyyatları üçün kiber-arılar yaradıb. Onların beyninə xüsusi idarəedici cihaz yerləşdirilib.
Bu barədə "The Insider" nəşri məlumat verib.
Medianews.az bildirir ki, Pekin alimləri birbaşa arının beyninə yerləşdirilən elektron cihaz vasitəsilə bu həşəratlara nəzarət etməyi öyrəniblər. Bu yeni layihənin hərbi kəşfiyyatda, terrorla mübarizə əməliyyatlarında, həm də təbii fəlakətlərdən sonra insanların axtarışı üçün istifadəsi planlaşdırılır.
"Chinese Journal of Mechanical Engineering" nəşrinin yazdığına görə, Pekin Texnologiya İnstitutunun əməkdaşı olan professor Çjao Tszelyanın rəhbərlik etdiyi tədqiqatçılar komandası dünyanın ən yüngül beyin idarəedicisini hazırlayıb — cəmi 74 milliqram. Bu isə "bir çimdik duzdan da azdır". Cihaz işçi arının belinə bərkidilir və beyni ilə üç iynə vasitəsilə birləşdirilir. Daha sonra isə həmin iynələr vasitəsilə beynin görmə payına elektrik siqnalları ötürülür və uçuşun istiqaməti təyin edilir.
Çjaonun sözlərinə görə, arılar təxminən 90% hallarda onlar tərəfindən müəyyən edilmiş trayektoriyaya əməl ediblər. Belə ki, qurğu əlavə olaraq kamera, mikrofon, məlumat toplayıb ötürə bilən sensorlarla təchiz edilə bilər. Üstəlik, kiçik ölçüsünə görə arılar dar yerlərə daxil ola, eləcə də görünmədən fəaliyyət göstərə bilirlər.
Tədqiqatçıların dərc etdirdiyi məqalədə bu barədə belə yazılır: "Təsadüfi deyil ki, robot-həşəratlar bioloji prototiplərindən yüksək hərəkətlilik, kamuflyaj qabiliyyəti və adaptasiya bacarığını miras alıblar". Alimlərin fikrincə, ümumiyyətlə isə süni analoqlarla müqayisədə kiber-həşəratlar məxfi fəaliyyət göstərmək bacarığına malikdirlər və daha uzun müddət ərzində fasiləsiz işləyə bilərlər. Bu xüsusiyyət isə onları "şəhər döyüşlərində, terror, eləcə də narkotiklə mübarizədə, o cümlədən fəlakət nəticələrinin aradan qaldırılması zamanı əvəzolunmaz edir".
Bundan öncə də Çin alimləri buna bənzər texnologiyanı kiçik böcəklərin üzərində sınaqdan keçirmişdilər. Alimlər araşdırma zamanı məhz infraqırmızı və "Bluetooth" siqnallarından istifadə etmişdilər. Həmin böcəklərə yüklənən "çanta"-nın biri cəmi 23 milliqram çəkidə olmuşdu ki, bu da ilk dəfə üçün çox böyük uğur hesab edilirdi. Məlumata görə, oxşar eksperimentlər bir çox ölkələrdə də aparılır. Sinqapurda bu cihazlar tarakanların üzərinə yerləşdirilir və artıq Myanmada mart zəlzələsindən sonra istifadə olunub, ABŞ və Yaponiya kimi ölkələr də öz müasir kiber-həşərat versiyalarını hazırlayır.
Buna baxmayaraq, alimlər hələ bir sıra texniki problemlərlə üzləşirlər: məsələn, batareyalar tez boşalması və daha güclü batareyalar isə çox ağır olması. Bundan başqa vahid bir universal idarəedici də yoxdur və məhz bu səbəbdən də müxtəlif həşərat növlərinin əksəriyyəti stimullara bədənin müxtəlif hissələrində reaksiya verirlər.
Bu yeni layihə fonunda Çin iyun ayından ağcaqanad ölçüsündə miniatür dronlar da təqdim edib. Bütün bunlar isə Pekinin hərbi, həmçinin mülki texnologiyaların tam miniatürləşdirilməsi strategiyasına uyğundur.
Medianews.az
Paylaş: