Medianews.az
Maaş və pensiya kartları ilə bağlı problem - <span style=color:red>Vətəndaşlar məhkəməyə üz tutmalı olacaqlar?
440 baxış

Maaş və pensiya kartları ilə bağlı problem - Vətəndaşlar məhkəməyə üz tutmalı olacaqlar?

Qanunvericiliyə görə, vətəndaşlar maaş və pensiyalarını istədikləri bank vasitəsilə ala bilərlər. Lakin təcrübədə belədir ki, maaş və pensiyalar daha çox iri banklar vasitəsilə ödənilir. Yəni vətəndaş maaş və pensiyasını özü istədiyi bankdan deyil, əsasən məmurların müəyyənləşdirdiyi bankdan almağa məcbur olur. Aprel ayında Mərkəzi Bankın sədri Taleh Kazımovla görüşdə iqtisadçı ekspertlər bu məsələni gündəmə gətirmiş, maaş və pensiyaların yalnız iri banklar vasitəsilə ödənilməsi praktikasına son qoyulmasını tələb etmişdilər. O zaman Mərkəzi Bank rəhbərliyi təklifə müsbət yanaşmış, yaxın həftələrdə vətəndaşların maaş və təqaüdlərini istədikləri bank vasitəsilə almasının mümkün olacağı bildirilmişdi. İki aydan çox vaxt keçib. Məsələ həllini tapıbmı? Tapmayıbsa, səbəb nədir? Bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır və Mərkəzi Bankın verdiyi vədin reallaşacağı inandırıcı görünürmü? Mövzu ilə bağlı Medianews.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ əvvəldən səhv qoyulub və qanuna ziddir. Onun sözlərinə görə, hər kəs xidmət aldığı bankı özü seçməlidir: “Həmin bankla bank hesabı müqaviləsi bağlanmalıdır. Bu, bizim qanunvericiliyimizdə belə nəzərdə tutulub. Amma təcrübədə, bəli, pensiya kartlarını, əməkhaqqı kartlarını da zorla müəyyən banklardan götürməyə vadar edirlər. Vətəndaşın bankı dəyişməsinə də imkan vermirlər. Bu, tam qanunsuzdur. Mən bunu Mərkəzi Bankın sədrinə iki il əvvəl də demişdim. Bu ilin aprelində Mərkəzi Bankın sədri bizimlə görüşdə bildirdi ki, əməkhaqqı kartları məsələsi artıq həllini tapacaq, amma vaxt dəqiq deyilmədi. Pensiya kartları ilə bağlı məsələnin isə sonrakı mərhələdə həll ediləcəyi qeyd olundu. Hələlik əməkhaqqı kartları məsələsinin həll olunduğuna dair məndə məlumat yoxdur. Vətəndaşlara hələ də imkan verilmir ki, istədikləri bankı seçsinlər”. Səbəblərə gəlincə, hüquqşünas ehtimal edir ki, görünür Mərkəzi Bank bu sahədə kommersiya bankları ilə lazımi işləri hələ tam başa çatdırmayıb: “Ola bilər ki, buna iri banklar tərəfindən müqavimət var. Böyük ehtimalla səbəb də məhz budur. Onlar bunu asanlıqla əldən vermək istəmirlər. Ancaq vətəndaşlar da passiv qalmamalıdırlar. Hər ikisini – həm işəgötürəni, həm də bankı məhkəməyə verməlidirlər. Məsələn, əməkhaqqıdan danışırıqsa, vətəndaş istədiyi bankda hesab açıb kart götürməlidir və rəsmi şəkildə işəgötürəninə müraciət etməlidir ki, köçürmə həmin kart hesabına aparılsın. Əgər işəgötürən bunu etmirsə, məhkəməyə müraciət etməlidir. Eyni zamanda, hazırda əməkhaqqını aldığı banka da müraciət edib bildirməlidir ki, həmin bankla müqaviləsini ləğv edir. Bank da müqaviləni ləğv etməlidir. Əgər etməsə, bankı da məhkəməyə vermək olar. Pensiya məsələsində də eyni addımlar atılmalıdır. Bir sözlə, vətəndaşlar özləri də aktiv olmalıdırlar. Əks halda, elə təsəvvür yaranır ki, guya hamı razıdır, yalnız bir-iki ekspert və jurnalistlər bunu gündəmə gətirir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun