08.07.2025, 09:17
213 baxış
Azad
Avropa İttifaqı böhrana doğru: Almaniya-Polşa münasibətləri gərgin həddə
Polşanın Almaniya ilə sərhəddə həyata keçirdiyi yoxlamalar Almaniyanın sərhəd və miqrasiya siyasəti ilə bağlı müzakirələri yenidən qızışdırıb və Almaniya–Polşa münasibətlərində gərginliklə bağlı xəbərdarlıqlara səbəb olub.
GdP: “Miqrantlarla ping-ponq oyunu”ndan çəkinin
Polis Həmkarlar İttifaqı (GdP) qurumlar arasında sıx koordinasiyanı tələb edib. GdP Federal Polis rəhbəri mətbuata açıqlamasında deyib: “İnsanları nə zaman geri qaytara biləcəyimiz və qaytarmalı olduğumuz barədə aydın və bağlayıcı qaydalara ehtiyac var və bu qaydalar qonşu ölkələrlə elə razılaşdırılmalıdır ki, praktik şəkildə mümkün olsun”. O, sərhəddə miqrantlarla “ping-ponq oyunu” təhlükəsi barədə xəbərdarlıq edib.
Federal hökumətdən reaksiya gecikməyib. Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, Almaniyanın sərhəd nəzarətləri “bütün Avropa İttifaqı üzrə miqrasiyanı nəzarət altına almaq üçün mühüm bir siqnaldır”.
Daxili işlər naziri Dobrindt deyib ki, bu nəzarətlər qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizədə vacib addımdır. Onun sözlərinə görə, Polşa və Almaniya hökumətləri bu məsələdə sıx əməkdaşlıq edir. O vurğulayıb ki, sərhədlərin yoxlanması müvəqqəti bir tədbirdir və hazırda miqrasiyanı yenidən nizamlamaq üçün zəruridir.
Almaniyanın sərhəd yoxlamaları və miqrantların geri qaytarılmasına cavab olaraq Polşa bazar ertəsi gecə Almaniya ilə sərhəddə öz nəzarət tədbirlərini tətbiq edib. Almaniya ilə sərhəddə 52 yoxlama məntəqəsi yaradılıb. Bundan əlavə, Polşa Litva ilə sərhəddə də 13 keçid məntəqəsində müvəqqəti nəzarət tədbirləri görüb.
Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, bu tədbirlər “miqrant axınının nəzarətsiz şəkildə irəli-geri hərəkətini məhdudlaşdırmaq” məqsədi daşıyır. Tusk dəfələrlə bəyan etmişdi ki, ölkəsi əslində sərhəddə nəzarətlərdən imtina etmək istərdi, lakin Almaniyanın birtərəfli addımına cavab verməyə məcbur olub.
Banaszak: “Domino effekti baş verdi”
Almaniya Yaşıllar Partiyasının sədri Banaszak alman hökumətini Polşa ilə sərhəddəki yoxlamaları dayandırmağa çağırıb. Banaszak Berlində verdiyi açıqlamada bildirib ki, Polşa hökumətinin Almaniyanın bu addımına cavab olaraq yoxlamalar tətbiq etməsi müəyyən qədər başadüşüləndir. Onun sözlərinə görə, kansler Mers və daxili işlər naziri Dobrindt milli miqyasda təkbaşına hərəkət etməklə bir “domino effekti” yaradıblar. “Buna görə də onlar indi ilk addımı atmalı və bu səfehliyə son qoymalıdırlar” – deyə Banaszak vurğulayıb.
Sarvan Səmədoğlu,
Almaniya
Paylaş: