Medianews.az
“Adamın üzünə dururlar ki, yox, bu reklam deyil...” – <span style=color:red>Bloqçu kütləvi cərimələrə çağırış etdi
162 baxış

“Adamın üzünə dururlar ki, yox, bu reklam deyil...” – Bloqçu kütləvi cərimələrə çağırış etdi

Mayın 22-dən ölkədə rəqəmsal platforma təsirçisilərinin, başqa sözlə desək, influenserlərin, bloqçuların sosial media hesablarından etdiyi reklamlarla bağlı yeni tələblər qüvvəyə minib. Tələblərə əməl etməyənlərlə bağlı ciddi cərimələr nəzərdə tutulub. Bloqçu Fərid Pərdəşünas Medianews.az-a deyib ki, yeni tələblər qüvvəyə minəndən o, sosial media platformalarında reklam etdiyi hər bir məhsulun reklam olduğunu açıq vurğulayır: “Bunu özümə, izləyicilərimə və ən əsası Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyim üçün edirəm. Çox təəssüf ki, analoji hal bir çox yerli influenserlər üçün keçərli deyil. Bəzilərinin ümumiyyətlə vecinə deyil. Adamın üzünə dururlar ki, yox, bu reklam deyil, guya ürəyindən keçəndir. Axı kimi aldadırsınız? Qorxursunuz ki, hər dəfə reklam bildirişi qoyanda həyatınızın reklam və barterdən ibarət olması ortaya çıxar? Burada qorxulu nə var axı? Bildirmək istəyirəm ki, #reklamdeyil, #barter, #tövsiyə kimi teqlər yoxdur. Reklam, tərəfdaşlıq və sponsorluq var. Başqa teqlərlə yanıldıcı manipulyasiya etmək lazım deyil. Qanuna əsasən, reklam etdiyiniz şirkətin hüquqi məlumatları paylaşımda qeyd edilməlidir. Daha bir faktı deyim ki, onlayn media subyektlərinin sosial media səhifələri də bu qanunun əhatə dairəsinə düşür. Ümid edirəm, aidiyyəti qurum kütləvi cərimələrə başlayar. Əks halda, bir neçə nəfər istifadə edib, digərləri istifadə etməyəndə haqsız rəqabət yaranır. Qanun hamı üçündür”. Xatırladaq ki, mayın 22-də Prezident İlham Əliyevin dörd qanuna dəyişikliyi təsdiqləyib. Həmin qanunlar bunlardır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, “Üzümçülük və şərabçılıq haqqında” qanun, “Dərman vasitələri haqqında” qanun və “Reklam haqqında” qanun. Bu dəyişikliklər nəticəsində “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları” (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) “Reklam haqqında” qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın. Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni “rəqəmsal platforma təsirçisi” anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər (reklam yayımının “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunması, İstehlakçılara müvafiq məlumatların, o cümlədən reklamverici barədə məlumatların verilməsi) və qadağalar (reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq, özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq) da müəyyən edilib. Hazırda istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qəbul olunub ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır. Həmçinin rəqəmsal platforma təsirçisinin reklam subyektləri sırasına daxil edilməsi ilə əlaqədar olaraq “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib. Bu dəyişikliyə əsasən reklam olunan dərman və tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi rəqəmsal platforma təsirçisinə onun tələbi əsasında müvafiq zəruri sənədləri təqdim etməlidir. Bununla bərabər, tündlüyü 5%-dən yuxarı olan alkoqollu içkilərin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada reklamı qadağan edilib. Qanuna təkmilləşdirmə və dəqiqləşdirmə üçün də bir sıra dəyişikliklər edilib və vurğulanıb ki, məqsəd istehlakçıların hüquqlarının qorunması, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsidir. Qeyd edək ki, “rəqəmsal platforma təsirçisi” “influencer” sözünün ingiliscədən tərcüməsi kimi anlaşılmalıdır. Yəni “influencer”lər artıq Azərbaycanda rəsmən “rəqəmsal platforma təsirçisi” kimi tanınıb. İfadə qısa formada “təsirçi” kimi də işlənə bilər. Lamiyə, Medianews.az

Bizə qoşulun