Medianews.az
Mərkəzi Asiyada nə baş verir? - <span style=color:red>Çin bu regionu tam nəzarətə götürür?
226 baxış

Mərkəzi Asiyada nə baş verir? - Çin bu regionu tam nəzarətə götürür?

Bu həftə Qazaxıstan paytaxtında keçirilən ikinci “Çin-Mərkəzi Asiya” sammitinin yekununda “Astana Bəyannaməsi”, həmçinin “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqavilə imzalanıb. Politoloq Xaqani Cəfərli Medianews.az-a deyib ki, bununla Mərkəzi Asiya bölgəsi faktiki tam şəkildə Pekinin təsir dairəsinə keçir: “Çinin dövlət başçısı Si Çinpinin irəli sürdüyü beş bəndlik əməkdaşlıq çərçivəsi təsir dairəsinin necə və nədən ibarət olacağını müəyyən edəcək. Si Çinpin bildirib ki, dövlətlər qarşılıqlı etimada və qarşılıqlı dəstəyə əsaslanan birlik istəklərinə tərəddüdsüz sadiq qalmalı, dərin inteqrasiya olunmuş əməkdaşlıq üçün çərçivəni optimallaşdırmalı, ümumi maraqlara əsaslanan təhlükəsizlik arxitekturasını formalaşdırmalı, dövlət idarəçiliyi sahəsində dərin təcrübə mübadiləsi aparmalı və çoxqütblü dünya nizamının formalaşmasını fəal şəkildə təşviq etməlidirlər. Çin bu vəzifələri həyata keçirmək məqsədilə Mərkəzi Asiya ölkələri üçün yüksək ixtisaslı kadrlar hazırlamağı, yeni mədəniyyət mərkəzləri və universitet filialları açmağı öhdəsinə götürüb. “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqaviləyə görə, tərəflər bir-birinin əleyhinə olan ittifaqlarda yer ala bilməzlər. Mərkəzi Asiya ölkələrinin ticarət dövriyyəsinin təxminən 40 faizini Çinlə ticarət təşkil edir. Çin Mərkəzi Asiya ölkələrinin ən böyük sərmayədarıdır. Ötən il Çinin Mərkəzi Asiya ölkələrinə yönələn sərmayəsi böyük Avrasiya coğrafiyasına Pekinin yatırdığı sərmayənin 47 faizini təşkil edib. Mərkəzi Asiya dövlətlərinin Çindən borclanmasının nələrə səbəb olacağı haqqında təsəvvürlərinin yaranmasını istəyənlər “Çinin borc tələsi”nə həsr olunmuş çox sanballı məqalələri oxumalıdırıar. Qazaxıstanın paytaxtında keçirilən ikinci “Çin-Mərkəzi Asiya” sammitindən dərhal sonra Çin dövlət televiziyasında Çinin yeni silahı - qrafit bombası ilə bağlı nümayiş etdirilən video Pekinin öz maraqlarını qorumaq üçün artıq hərbi gücə əl atacağının işarətidir”. X.Cəfərli hesab edir ki, indən belə Çin istədiyi vaxt Mərkəzi Asiya respublikaları Türk Dövlətləri Təşkilatına üzvlükdən belə çıxmaq məcburiyyətində qalacaq: “Bunun hüquqi əsası isə “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqavilədəki “tərəflər bir-birinin əleyhinə olan ittifaqlarda yer ala bilməzlər” öhdəliyi ilə qoyulub. Çin Türk Dövlətləri Təşkilatını özünün əleyhinə olan ittifaq hesab etdiyi gün Mərkəzi Asiyadan olan türk dövlətləri Türk Dövlətləri Təşkilatını tərk etmək məcburiyyətində qalacaqlar. İkinci “Çin-Mərkəzi Asiya” sammitindən sonra onu da əminliklə demək olar ki, Mərkəzi Asiya dövlətləri Rusiyanın təsir dairəsindən çıxmağa macal tapmamış Çinin təsir dairəsinə düşdülər”. Daha sonra X.Cəfərli bir məqama da toxunub: “İstanbul Kültür Üniversitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəsis Çağla Gül Yesevinin GZT YouTebe kanalının redaktoru Sinan Bakioğlu ilə müsabəsi var. Müsahibə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş ikinci “Mərkəzi Asiya-Çin” sammitinin nəticələrinin müzakirəsinə həsr olunub. “Türküstanda nələr baş verir? Əvvəlcə Kipr qərarı, indi Çinlə əbədi tərəfdaşlıq” başlıqlı müsahibədə professor Çağla Gül Yesevinin təhlilindən gəldiyim qənaət ondan ibarətdir ki, Mərkəzi Asiyanın gələcəyi ilə bağlı vəziyyət daha qorxuncdur. Pekindəki kommunist rejim Çində, xüsusilə də Doğu Türküstanda tətbiq etdiyi sərt izləmə sistemini bütün Mərkəzi Asiyada qurmağı hədəfləyir. Texnologiyaların cəmiyyətlər üzərində nə qədər böyük təsirə sahib olmağa başladığının fərqində deyilik. Orduların əsgər, tank və zirehli maşınlarının sayının heç bir önəm kəsb etmədiyi bir mərhələyə qədəm qoymaqdayıq. Bir neçə ildən, bəlkə də bir neçə aydan sonra texnologiyanın elə bir mərhələsinin şahidi olacağıq ki, İran kimi böyük əraziyə malik dövlətlərin taleyini bir əməliyyatla və bir nəfəri öldürmədən həll edəcəklər. Qədəm qoymaqda olduğumuz dünyada hər bir xalqın və millətin yerini elm və çağdaş mədəniyyətə sahib olma səviyyəsi, texnologiyalardan bəhrələnmək imkanları müəyyən edəcək”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun