23.06.2025, 15:50
204 baxış
Azad
Rza Pəhləvi İranda hakimiyyəti ələ almaq iddiasını açıq elan etdi - FOTO/VIDEO
İranın devrilmiş şahının mühacirətdə yaşayan oğlu Rza Pəhləvi iyunun 23-də Parisdə mətbuat konfransı keçirib.
Medianews.az-ın məlumatına görə, Rza Pəhləvi İranda islam rejiminin dəyişməsinə çağırış edib və yeni müxalif cəbhə formalaşdıracağını söyləyib.
İslam respublikasını İran xalqına qarşı davamlı repressiyalar həyata keçirməkdə günahlandıran Pəhləvi beynəlxalq ictimaiyyəti rəsmi Tehrana şans verməməyə çağırıb. O bildirib ki, yalnız demokratik İran nüvə proqramının genişlənməsinin qarşısını ala bilər.
Rza Pəhləvi çıxışında üç əsas prinsipi açıqlayıb. O deyib ki, İranın ərazi bütövlüyü qorunmalı, fərdi azadlıqlar tanınmalı və din dövlətdən ayrılmalıdır.
İranın ali dini rəhbəri ayətullah Əli Xamneiyə birbaşa müraciət edən Pəhləvi deyib: “Vəzifədən get. Getsən ədalətli mühakimə hüququn təmin olunacaq. Bu, sənin indiyədək iranlılara tanımadığın bir hüquqdur”.
Rza Pəhləvi rejim nümayəndələrinə də səslənərək bildirib ki, onlar ədalət qarşısında cavab verəcəklər. Amma onun sözlərinə görə, İranda keçid hökuməti qurulanda həmin hökumətin dövründə başqa ölkələrdə yol verilmiş neqativ təcrübələr təkrarlanmayacaq.
Rza Pəhləvi rejimdən narazı olanlarla əlaqələrini genişləndirməyi, bu yolla rejimlə mübarizəni gücləndirməyi planlaşdırdığını açıqlayıb: “Mən milli keçid hökumətinə rəhbərlik etmək üçün irəli çıxıram – bunu şəxsi maraqla yox, İran xalqına xidmət etmək üçün edirəm. Keçid hökuməti qurmaq, ölkəni yeniləmək üçün aydın bir planım var”.
Pəhləvi hazırda İran silahlı qüvvələrində xidmət göstərənlərə də çağırış edib: “Xalqa qoşulmağın vaxtıdır. Bu addımı atanların xidmətləri unudulmayacaq və yüksək qiymətləndiriləcək”.
O əlavə edib ki, ölkənin gələcəyinə xalq referendumla qərar verəcək.
Rza Pəhləvi islam rejiminin süqutundan sonrakı dövr üçün iqtisadi bərpa planlarının da hazırlandığını söyləyib: “Yaxın günlərdə ekspertlərdən ibarət komandam islam respublikasının süqutundan sonrakı ilk 100 günə dair proqramı mənə təqdim edəcək”.
O, mətbuat konfransını bu sözlərlə tamamlayıb: “Əziz həmvətənlərim, mən sizinləyəm. Gəlin yeni İranı birlikdə quraq”.
Rza Pəhləvi əvvəllər də bəyan edib ki, İranda monarxiya yalnız xalqın iradəsi – referendum nəticəsində bərpa oluna bilər.
Medianews.az bildirir ki, Rza Pəhləvi Parisdəki mətbuat konfransında Qacarlar Dövlətinin son çağlarında – 1900-cü illərin birinci onilliyində dövlət bayrağı kimi qəbul edilmiş və Pəhləvilər sülaləsi zamanı İran Şahlığının dövlət bayrağı olmuş bayrağın fonunda çıxış edib. Bu bayraq Qacarlar dövründə qəbul edilsə də, daha çox Pəhləvilərin, yəni İran Şahlığı dövrünün bayrağı kimi tanınır.
Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Monarxiya 1979-cu ilin islam inqilabı nəticəsində devrilib.
Rza Pəhləvinin atası Məhəmmədrza Pəhləvi İrana 1941-1979-cu illərdə şahlıq edib.
Rza Pəhləvi 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 2012-ci ildə yaradılmış İran Milli Şurasının lideridir. ABŞ-ın Los-Anceles şəhərində yaşayır. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. İslam rejiminin qatı əleyhdarıdır.
Medianews.az