Əkrəm Bəydəmirli
20.06.2025, 09:32
163 baxış
Azad
Dünyanın hər məhəlləsini müharibə bürüyür - Belə bir dövrdə türk birliyinin hədəfləri
Dünyanın başının qaçdığı hazırkı dönəmdə sabitliklə, təhlükəsizliklə bağlı bədbin proqnozlar verilir. Gerçəkdən sürətlə dəyişən siyasi proseslər, beynəlxalq hüququn kitabının bağlanması, ardıcıllıqla davam edən müharibələr vəziyyətin ağırlığından xəbər verir. Siyasətlə şounun sintezini yaradan ABŞ prezidenti Donald Tramp seçki dönəmində dünyaya sülh vəd edirdi. İndi isə dünyanın hər məhəlləsini müharibə bürüyür.
Məhz belə məqamlarda bu bəlalardan qorunmaq, təhlükəsizliyi təmin etmək üçün Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi, əhatə dairəsinin genişlənməsi effektli olar. Müxtəlif dövlətlərin, hər hansı qüvvələrin belə pozitiv ideyalardan əndişələnməsinə, narahatlıq keçirməsinə əsas yoxdur.
Dünyanın belə qaynar çağında Türk Dövlətləri Təşkilatı sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir. Azərbaycan-Türkiyə əməkdaşlığı, Prezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılış mərasimindəki çıxışı, verdiyi mesajlar bu birliyin strateji hədəflərindən xəbər verir. Ümumilikdə götürəndə Türk Dövlətləri Təşkilatının özəyini Azərbaycan və Türkiyə təşkil edir. Mərkəzi Asiya respublikalarında müəyyən dövrlərdə tərəddüdlər olub.
Dünyanın bütün siyasi-iqtisadi gərginliklərinə baxmayaraq, həmin dövlətlərin bu birliyin strateji hədəflərini, əlaqələrin möhkəmlənməsi baxımından effektiv nəticələrini görərək, bu istiqamətdə fəal iştirak edəcəklərinə inanmaq istərdik. Çünki Mərkəzi Asiya respublikaları öz nicatlarını hegemon güclərin çətiri altında tapa bilməyiblər. Yalnız bərabər hüquqlu əməkdaşlıq şəraitində Türk Dövlətləri Təşkilatı xətti ilə təhlükəsizlik, sabitlik, davamlı inkişafın dərinləşməsi mümkündür.
Türk birliyi gəlişigözəl, pafoslu ifadələr deyil. Burada böyük qardaş anlayışı yoxdur. Bütün maraqlı tərəflərin maraqlarını ifadə edəcək səmimi münasibətlər ortadadır.
Nəhayət, istər Rusiya-Ukrayna, istərsə də İsrail-İran müharibəsi gec-tez bitəcək. Bu müharibələrin nəticələrindən asılı olmayaraq yeni türk dövlətlərinin yaranması ehtimalı böyükdür.
Əkrəm Bəydəmirli
Əkrəm Bəydəmirli