Medianews.az
Bakıda məhsullar niyə bahadır? - Regionlarla paytaxt arasındakı qiymət fərqi - <span style=color:red>Ekspert izah edir
207 baxış

Bakıda məhsullar niyə bahadır? - Regionlarla paytaxt arasındakı qiymət fərqi - Ekspert izah edir

Bölgələrdə gilas ucuz, paytaxtda isə çox bahadır və bu, sosial narazılıq doğurur. Ekspertlər qiymət fərqini nəqliyyat xərcləri ilə əlaqələndirsələr də, bu fərqin real məsafə və yanacaq sərfi ilə izahı inandırıcı görünmür. Bakıda satılan gilas niyə bu qədər bahadır və niyə bu süni qiymət artımına nəzarət edilmir? İqtisadçı ekspert Eyyub Kərimli Medianews.az-a açıqlamasında regionlarla Bakı arasında mövcud qiymət fərqinə münasibət bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda qiymətlər dünya və iqtisadiyyat qanunlarına uyğun olaraq azad tələb və təklif əsasında formalaşır. Bu baxımdan qiymətlərə birbaşa nəzarət edilmir. Eyyub Kərimli qeyd edir ki, paytaxtla bölgələr arasında qiymət fərqinin bir neçə səbəbi var: “İlk növbədə bu fərq logistika və saxlama xərcləri ilə bağlıdır. Çünki meyvə və tərəvəz kimi tez xarab olan məhsullar operativ şəkildə satışa çıxarılmalıdır. Əks halda, məhsul xarab olur ki, bu da qiymətə təsirsiz ötüşmür”. Ekspert əlavə edib ki, Bakıda bazarların sayının məhdudluğu da qiymətləri yuxarı çəkən amillərdəndir: “Bundan başqa, şəbəkə marketlərdə eyni məhsulun vahid qiymətlə satılması və bəzi hallarda insafçılıq prinsiplərinin önə çıxması qiymətlərin tənzimlənməsinə müəyyən təsir göstərir”. Eyyub Kərimli fermerlərin satış bazarlarına birbaşa çıxış imkanının olmamasını da qiymət artımında mühüm faktor kimi qeyd edib: “Bəzən fermerlər şəhərə gəlməyə və orada satış həyata keçirməyə maraq göstərmirlər. Çünki bu həm əlavə xərc, həm də digər çətinliklər yaradır. Onlar üçün məhsulu yerindəcə satmaq daha sərfəlidir. Bu prosesdə vasitəçilərin marağı da nəzərəçarpacaq dərəcədədir”. Nəticədə bu faktorların hamısı birlikdə paytaxtda qiymətlərin nisbətən baha olmasına səbəb olur. Çıxış yolunu isə ekspert belə görür: “Təchizatçıların sayının artırılması, məhsulun Bakıya daha çox gətirilməsi, eləcə də topdan və pərakəndə satış bazarlarının genişləndirilməsi qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərə bilər”. Oğuz Ayvaz, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun