Medianews.az
Dünyada yeni “Helsinkiyə” ehtiyac var – <span style=color:red>Azərbaycanlı siyasətçinin İsrail-İran müharibəsinə baxışı
163 baxış

Dünyada yeni “Helsinkiyə” ehtiyac var – Azərbaycanlı siyasətçinin İsrail-İran müharibəsinə baxışı

1975-ci il Helsinki Konfransından sonra Dünyada “oyun qaydaları” oturuşdu, “beynəlxalq hüquq” anlayışı möhkəmləndi, ərazi bütövlüyü və suverenlik müqəddəs, toxunulmaz elan olundu. Amma bu qaydalar uzun sürmədi, SSRİ dağılandan sonra Qərb post-sovet məkanında Kremlin qəsdən yaratdığı və idarə etdiyi separatizmin kökünü kəsməyə, özü də Moskvanın zəif olduğu dövrdə kökünü qazmağa nail olsaydı, dünyada bir çox faciələri önləmək mümkün olardı. Amma etmədilər, Ermənistanın təcavüzünə, işğalçılıq siyasətinə göz yumdular, Rusiyanın Gürcüstanda, Moldovada separatizm ocaqları yaratmasına səssiz qaldılar. Qərb anormal reaksiya verərək Moskvanın post-sovet məkanında etdiklərinin eynisini keçmiş Yuqoslaviyada etdi – Kosovo presidenti yaratmaqla, öz aləmlərində Rusiyaya cavab addımları ataraq, suverenlik və ərazi bütövlüyünün müqəddəsliyini urvatsız etdilər. Ardınca İraq, Şimali Afrika, Suriya əməliyyatları ilə beynəlxalq hüquq qətl edildi və bu Moskvanın əl-qolunu açdı. Əvvəl Gürcüstanın ərazi bütövlüyünü məhv etdilər, sonra Krımı işğal etdilər, 2022-ci ildə isə Ukraynaya vəhşi təcavüz edərək, hələ də bu ölkənin kənd, qəsəbə və şəhərlərini xaraba qoyub işğal edirlər. Bir daha – vaxtında Kremli durdura, post-sovet məkanında suverenlik və ərazi bütövlüyü məsələsinin “qırmızı cizgi” elan edə bilsəydilər, prinsipləri qorumağı bacarsaydılar, bu gün Dünya qan çanağına dönməzdi. İndi yanı-başımız yanğın yerinə dönüb, ölkələrin suverenliyi tam formallığa çevrilib, kim güclüdürsə, daha zəifi vurur, dağıdır, zərbələr endirir. Sanki dünya orta əsrlərə, hətta, 1500-2000 il əvvələ qayıdıb, amma, o dövrlərdə, heç olmasa dəyərlər, prinsiplər var idi, cəngavərlik qaydaları hörmətə malik idi, indi heç bir dəyər, heç bir prinsip qalmayıb, tam xaosdur. Ümid edirəm ki, İran ətrafında münaqişə də tezliklə bitəcək, yanğın böyüməydən söndürüləcək. Amma təməl prinsiplər, hamı üçün EYNİ olan “oyun qaydaları” təsis edilməsə, və bu qaydalar ədalətə, hüquqa söykənməsə, dünyada yanğın da sönməyəcək. Dünyada yeni “Helsinkiyə”, azı 50 il toxunulmaz oyun qaydalarına ehtiyac var, özü də elə qaydalar olmalıdır ki, toxunan yansın, pozan böyük bədəl ödəsin – bu işin başqa çıxış yolu yoxdur, hardasa nüvə silahı partlayıb yüz minlərlə, bəlkə də, milyonlarla insan ölmədən, bu məsələ həll olunmalı, yeni, ən əsası, ədalətli “oyun qaydaları” təcili təsis edilməlidir... Natiq Cəfərli, siyasətçi

Bizə qoşulun