Medianews.az
Yas mərasimi <span style=color:red>necə olmalıdır?
236 baxış

Yas mərasimi necə olmalıdır?

Yas mərasimlərində xörək verilməsinin yığışdırılması məsələsi yenidən gündəmdədir. Bugünlərdə Samux rayonunda yasda ehsanların sadələşdirilməsi barədə ictimai səviyyədə, ilk növbədə dindarlar və ağsaqqallar arasında razılığa gəlinib. Samux rayonunun axundu İlham Məmmədovun dediyinə görə, qərara alınıb ki, dəfn günü, eləcə də üç mərasimində ət yeməyi verilməsi dayandırılsın, pendir, halva və çay süfrəsindən istifadə olunsun. Qeyd edək ki, indiyədək dəfələrlə yasda ehsanları sadələşdirmək, konkret desək, ət yeməkləri verilməsini yığışdırmaq cəhdləri olub. Bu cəhdlər bəzi regionlarda həyata keçsə də, geniş, ölkə miqyasında reallaşa bilməyib. Yas mərasimlərində ehsan verilməlidirmi? Verilməlidirsə, hansı formada olmalıdır? Xörək, konkret olaraq ət yeməkləri də olmalıdırmı? Ehsanın hansı formada verilməsi daha məqbul sayıla bilər? Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, şəriətdə dəfn qaydaları, yasın keçirilməsi üsulları çox aydın şəkildə göstərilib: “Ümumiyyətlə islamda bu məsələnin necə tənzimləndiyini müəyyənləşdirmək üçün peyğəmbərimizin həyatına, peyğəmbər təcrübəsinə nəzər salmalıyıq. Çünki peyğəmbər Allahın dediklərini, islamı ən ideal, düzgün şəkildə öz həyatına və yaşadığı dövrə tətbiq edən şəxs idi. Peyğəmbər dövrünə nəzər saldıqda görürük ki, onun dövründə vəfat edən şəxsin ailəsinin ilk günlərdə ehsan verməsi ənənəsi olmayıb. Əksinə, peyğəmbər özü qonşuları təşviq edirdi ki, yemək bişirərək vəfat etmiş şəxsin ailəsinə aparsınlar. Yaxud ora uzaqdan gələn şəxslərin qidalanması üçün bu yeməkləri bişirsinlər. Həmin dövrdə ilk üç gün ərzində ölü sahibi əsla ehsan süfrəsi açmırdı. Belə bir ənənə lap sonralar meydana çıxıb, xüsusən də Azərbaycanda. Bu ənənənin islamda heç bir dayağı, dəstəyi yoxdur. Bəli, ilk üç gün keçdikdən sonra ölü sahibi imkanı çatarsa vəfat etmiş şəxsin adına hansısa bir yaxşılıq edə bilər. O cümlədən kasıblar üçün süfrə aça bilər. Süfrəni necə açacaq - bu isə, əlbəttə ki, onun imkanına bağlı bir məsələdir. Xüsusən çalışmaq lazımıdır ki, o süfrələrdə kasıblar iştirak etsin, yəni süfrə açmağın mənası qalsın. Bu məsələ, yəni ilk üç gündən sonra açılacaq ehsan süfrələrinin və yaxud da ölü adına edilən yaxşılıqların hansı səviyyədə olması vəfat etmiş şəxsin ailəsinin maddi vəziyyəti ilə birbaşa əlaqəlidir. O ki qaldı üç, yeddi, qırx, əlli ikiyə - bunlar islam ənənəsində olmayan, sonradan müsəlman dünyasında bəzi ölkələrdə yayılan anlayışlardır. Yaxşı olar ki, dövrümüzdə də yas mərasimlərini tənzimləyən müəyyən qanunlar qəbul edilsin. Çünki əhali özü öz iradəsi ilə islamın yasla bağlı qoyduğu qaydalara dəqiq şəkildə əməl edənə oxşamır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun