Medianews.az
İsrailin İrana mümkün hücumu Trampın xarici siyasətinin <span style=color:red>fiaskosudur
231 baxış

İsrailin İrana mümkün hücumu Trampın xarici siyasətinin fiaskosudur

ABŞ-la İran arasında aparılan nüvə danışıqlarında razılaşma əldə edilmir. Xüsusilə İranın ali dini rəhbəri ayətullah Xamenei ABŞ Prezidenti Donald Trampla hər hansı müqavilənin bağlanmasını mənasız adlandırıb. İran öz mövqeyindən geri çəkilmir. Hətta şərt kimi İsrailin də nüvə silahından istifadə edilməsinə qadağa qoyulmasını irəli sürür. Belə olan təqdirdə tərəflər arasında razılaşma əldə edilməsi çətin görünür. İran dinc nüvə araşdırmalarından əl çəkməyəcəyini bəyan edir. Bunun elmi tədqiqat olduğunu və ölkəsinin inkişafına istiqamətləndiyini vurğulayır. ABŞ isə həm ballistik raketlərdən, həm də bütövlükdə nüvə proqramından imtinanı tələb edir. İki tərəfin mövqeyi bir-birinə zidd olaraq qalır. ABŞ onun şərtlərini qəbul etmədiyi üçün İrana qarşı İsrail faktorundan istifadə etməyə başlayır. İsrail vasitəsilə İrana öz tələblərini qəbul etdirməyə çalışır. Ümumiyyətlə, İsrail ABŞ-İran danışıqlarının əvvəldən əleyhinə olub. Məhz 2017-ci ildə Tramp İsrailin istəyi ilə İranla əldə olunan sazişdən birtərəfli şəkildə çıxıb. İndi ABŞ-la İran arasında yenidən başlanan nüvə danışıqlarına da İsrail etiraz edirdi. Tramp çalışırdi ki, danışıqlar yolu ilə İranla münasibətləri normallaşdırsın və Tehranın nüvə proqramından imtina etməsinə nail olsun. Amma İran öz maksimalist şərtlərindən əl çəkmədi. Artıq ABŞ İsrailə İrana qarşı mümkün "cərrahi" əməliyyatlara icazə verib. Bununla Tramp İranı güzəştə getməyə məcbur etməyi planlaşdırır. Halbuki İran ABŞ üçün təhdid deyil. ABŞ üçün strateji təhdid Rusiyadır. Amma ABŞ Prezidenti Rusiyanın güclənməsi üçün "yaşıl" işıq yandırıb. Tramp Rusiyanın Ukraynada qalib gəlməsi üçün əlindən gələni edir. Əgər Rusiya Ukraynada qalib gələrsə, bu, Trampın siyasi fiaskosu və ABŞ-ın fövqəldövlət statusunu itirməsi demək olacaq. Bu gün ABŞ üçün əsas təhdid məhz Rusiyadır. Əgər İsrail İranın nüvə mərkəzlərinə qarşı hərbi əməliyyatlara başlayarsa, İran assimetrik cavab verəcəyini, Hörmüz boğazını bağlayacağını, ABŞ-ın hərbi bazalarına hücumlar təşkil edəcəyini gizlətmir. Bundan əlavə Yəməndə husilər ABŞ hərbi bazalarına və İsrailə qarşı raket atışlarına başlaya bilər. İranı küncə sıxışdırmaq və nüvə proqramından əl çəkməyə məcbur etmək üçün başlanan müharibə Trampın uğursuz siyasəti və Rusiyanın maraqlarına xidmətin əsas hissəsidir. Məhəmməd Əsədullazadə, siyasi şərhçi

Bizə qoşulun