Medianews.az
Qurban bayramı uşaqlara <span style=color:red>necə izah olunmalıdır?
308 baxış

Qurban bayramı uşaqlara necə izah olunmalıdır?

Qurban bayramı - paylaşmaq və fədakarlıq dəyərinin önəmini uşaqlara öyrətmək üçün gözəl bir fürsətdir. Bu bayramda insanlara, xüsusilə də ehtiyacı olanlara kömək etməyin, sevgi və mərhəmət göstərməyin dini və etik tərəfləri vurğulanır. Uşaqlara bu ənənənin həm Allaha yaxınlaşmaq, həm də insanların arasında birlik və qayğı yaratmaq məqsədi daşıdığını sadə dildə anlatmaq vacibdir. Bəs, Qurban bayramını uşaqlara necə izah etməliyik ki, həm dini, həm də etik baxımdan doğru anlasınlar? Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, Qurban bayramı humanizmin təntənəsidir. Yardımlaşma, sevinc və Allaha yaxınlıq: “Eyni zamanda digər insanlara qurban əti vasitəsi ilə yaxınlaşma, sosial cəhətdən əlaqələrin qurulması deməkdir. Həzrət İbrahimə yuxuda oğlunu qurban kəsməsi göstərilir. O, bunu ilahi əmr hesab edərək icra etmək istəyir. Lakin Allah onun bu niyyətini, səmimiyyətini qəbul edərək heç zaman insanı qurban kəsmək olmaz deyə heyvanı qurban göndərir. Allah yolunda, Vətən, torpaq yolunda lazım gələrsə insan özünü, yaxınlarını da qurban verməyə hazır olduğunu bəyan edir. Ancaq Allah təala insanları öz övladını qurban verməyə təşviq etmir, əksinə, bundan çəkindirir”. T.İrfanın sözlərinə görə, bəzən qurbanı uşaqların yanında kəsir, sonra hətta uşaqların alnına qan da vururlar: “Bu vəhşilikdir. Ayaq altında, toyda musiqi sədaları altında içkili adamlar hay-həşirlə qurban adı ilə heyvan kəsir, gəlinin, bəyin alına qan vururlar. Uşaqlar da görür, pis təsir edir, acıyırlar heyvanlara. Bu da vəhşilikdir. Xüsusi qurbangahlar olmalıdır, heyvan orada qaydalara uyğun kəsilməlidir. Hətta buyurulur ki, heyvanı kəsərkən yaxşı olar ki, su təklif edib gözlərini bağlayasan və digər heyvanın gözü önündə kəsməyəsən”. Oğuz Ayvaz, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun