Medianews.az
"Etnogenetik inkişafı baxımından Azərbaycan türkcəsi türk dünyasının  ən zəngin dilidir" - <span style=color:red>Adıgözəl Məmmədov
355 baxış

"Etnogenetik inkişafı baxımından Azərbaycan türkcəsi türk dünyasının  ən zəngin dilidir" - Adıgözəl Məmmədov

Müsahibimiz Azərbaycan oxucularına yaxşı tanış olan Adıgözəl Məmmədovdur.  Bu istedadlı publisist, həkim, tarixçi və ən nəhayətində yorulmaz tədqiqatçı öz aktiv yaradıcılıq fəaliyyətini uzun illərdir ki, uğurla davam etdirir və oxucuları bir-birindən gözəl əsərləri ilə sevindirir. Adıgözəl Məmmədov iyirmi ildən artıq müddət ərzində uzaq və yaxın tariximizdə silinməz izlər buraxmış hadisələrin baş verməsində şəxsiyyətin rolu, konkret liderin portretinin ictimai-siyasi və sosial-psixoloji aspektdən analizi və qiymətləndirilməsi kimi yeni bir sahədə faydalı araşdırmalara imza atıb. Tədqiqatları təkcə ölkə daxilində deyil, həmçinin onun hüdudlarından kənarda da bu sahənin mütəxəssislərinə yaxşı bələddir. Adıgözəl Məmmədov həmçinin öz əsərlərində ölkəmizin tarixinin müəyyən dövrlərinə nəzər yetirir, o zamanın hadisələrini yeni bucaq altında təhlil edir, arxiv fondlarından tapdığı yeni fakt və məlumatlarla zənginləşdirməklə bizim məlumatlılıq səviyyəmizi artırır, fakt, hadisə və ya şəxsiyyətin miqyasını, ictimai əhəmiyyətini özünəməxsus tərzdə qiymətləndirir. – Adıgözəl müəllim, hazırda yaradıcılıq mətbəxinizdə vəziyyət necədir? – Yaradıcılığımda vəziyyət məhsuldar olaraq davam edir. Bu yaxınlarda ingilis dilində “Psixogeopolitika” və türk dilində “Kölgələrdəki tapmaca - Hakan Fidanın psixoloji portreti” kitablarım işıq üzü gördü. “Psixogeopolitika” elmdə yeni bir xətdir, Bakıda  və Moskvada çox yüksək səviyyədə təqdimatını həyata keçirdim. Ola bilsin ki, ABŞ-da da təqdimatı olsun. Qərbi Kaspi Universitetində psixogeopolitika ilə yanaşı, mental portretologiya və xalqların xarakterindən mühazirələr oxuyuram. Bu sahədə tədqiqatlarım davam etməkdədir. Bundan başqa, “Böyük Azərbaycan naminə - Əziz Əliyev” kitabım  türk dilinə tərcümə olunaraq işıq üzü gördü. – Rusiya erməni lobbisinin güclü olduğu dövlətlərdən biridir. Bədnam qonşularımız sizə və yaradıcılığınıza qarşı hər hansı maneələrə əl atıblarmı? – Son kitabımın təqdimatı zamanı yox, amma illər əvvəl mənə çox maneələr, təzyiqlər olub. – Sirr deyilsə, bəlkə bəzilərini dilə gətirəsiniz. Oxucularımız da bundan agah olarlar… – Əlbəttə ki, sirr deyil (gülür). Təzyiqlər və maneələr küləyi çox olub. O, barədə danışsaq gərək günlərlə, həftələrlə söhbət edək. Amma birini diqqətinizə çatdırım. Həqiqətən də erməni lobbisi şimal qonşumuzda gecə-gündüz fəaliyyətdədir. Əsas da Rusiyanın cənub vilayətlərində və şəhərlərində onlar çox aktivdirlər. Bu hayların ən böyük təbliğatlarından biri də Qaregin Nijdenin tanıdılmasıdır. Qatı faşist olan və III Reyxlə əməkdaşlıq edən  Nijdeyə sovet dönəmində münasibət mənfi idi. Amma indi ermənilər onu müsbət tarixi şəxsiyyət kimi təbliğ edir. Nə qədər acı olsa da, qismən bu istəklərinə nail olublar. Məhz 2013-cü ildə rusiyalı aktyorların da yer aldığı “Qaregin Njde” adlı bədii film çəkildi. Faşist erməni ilə bağlı saysız yazılar Rusiya mətbuatında yer aldı. Mən də öz növbəmdə Qaregin Njdenin həm xalqımıza və Türkiyə əhalisinə qarşı fəaliyyətini, həm də Sovet Rusiyasında qanlı əməllərini ifşa etməyə başladım. 2014-cü ildə Rusiyada növbəti elmi konfransların birinə dəvət olunmuşdum. Orada həm rus dilində “Slavyano-Türkskiye Yedineniye: Novıye konturı” kitabımın təqdimatı oldu, həm də çıxış etdim. Tədqiqat əsərimdə türk tarixindən, slavyan-türk əlaqələri, Rusiyada yaşayan türklər və ermənilərin tarixi falsifikasiyları, o cümlədən Nijdenin qanlı əməllərindən geniş söhbət açdım. Təqdimat mərasimindən reportajlar Rusiya telekanallarında, o cümlədən “MİR”də də yayımlandı. Bu zaman erməni lobbisi mənə qarşı əllərindən gələn bütün qarayaxma kampaniyalarını işə saldılar. Hətta separatçı Fəxrəddin Abboszadə də barəmdə həqiqətə uyğun olmayan məqalə yazmaqla nüfuzuma zərbə vurmağa, məni Rusiya ziyalılarının gözündən salmağa çalışdı. Sonra bəlli oldu ki, Azərbaycanın çörəyini yeyib, suyunu içən nankor və satqının havadarları da erməni lobbisidir. Bu cür güclü antireklam kampaniyası zamanı rusiyalı yoldaşlar təhlükəsizliyim naminə dərhal Moskvanı tərk etməyimi xahiş etdilər. Mən məcbur olub Bakıya qayıtdım. Amma Moskvada mənimlə yaxın münasibətləri olan ziyalı, ictimai xadimlərə qarşı təzyiq, mənəvi repressiyalar davam etdirildi. Onlar arasında Rusiya Strateji Araşdırmalar İnstitutunun Qafqaz Mərkəzinin rəhbəri Yevgeni Baxrevski, Moskva Dövlət Universitetinin (MDU) yüksək vəzifə sahiblərindən olan iqtisadiyyat üzrə elmlər doktoru Zeydulla Yuzbekov və sair yoldaşlar da vardı. Zeydulla Yuzbekov universitetdəki vəzifəsindən azad edildi. Amma bir müddət sonra Dağıstan Respublikasında Dövlət Əmlak Nazirliyinin rəhbərliyinə gətirildi. Bütün bunlara rəğmən, mübarizəmi davam etdirdim və sonrakı illərdə də Rusiyaya səfərlərimdə Nijde ilə bağlı çıxışlarımı davam etdirdim. Rusiya Dövlət Dumasında yer alan siyasi partiyalar arasında ikinci böyük fraksiya olan “Həqiqət naminə ədalətli Rusiya Partiyası”nın rəhbəri Sergey Mixayiloviç Mironov da bu sahədə mənə çox köməklik etdi. Məhz 2020-ci ildə rus dilində işıq üzü görən “Millətçiliyin reinkarnasiyası və psixoloji portretlər” kitabımda da erməni faşizmini, o cümlədən Nijdenin hərbi cinayətlərini vurğuladım. Məhz bu tədqiqat əsərim və rusiyalı ictimai, siyasi simaların dəstəyi nəticəsində daşnak faşisti haqqında çəkilən bədii filmin təbliğinin və nümayişinin qarşısını aldıq. – Ötən əsr ərzində bir çox siyasi liderlərimizin ünvanına həqiqəti əks etdirməyən fikirlər, böhtanlar, hətta qeyri-etik ifadələr səsləndirilib. Bəs XXI əsrdə necə, bu şəxsiyyətlərə münasibət dəyişibmi? – Öncəliklə onu deyim ki, çoxları məni yalnız tarixçi hesab edir, hərçənd mənim tədqiqat sahəm daha dərin və çoxşaxəlidir. Nərimanov, Qəzzafi, Hitler, Stalin, Trotski, Bağırovun və digərlərinin psixoloji portretlərini yaratmağa çalışmış və yazmışam. Hətta Nərimanovun psixoloji portretindən dərs də deyirəm. Dahi maarifçi, ictimai, siyasi fikir adamımız barəsində ən çox oxunan yazılarımdan biri də “Nərimanov faciəsi və ya geosiyasi reallıqlar” tədqiqatımdır. Bundan başqa, “Siyasi liderlərin psixoloji portretləri”, “Səudilər Sülaləsi – Geosiyasət” (rus dilində), “Müəmmər Qəzzafinin psixoloji portreti”, “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Rusiya lideri Vladimir Putinin psixoloji portreti”, “M.C.Bağırov-L.P.Beriya məxfi protokollar”, “Müasir Rusiya, Türkiyə və Gürcüstan liderlərinin siyasi-psixoloji portretləri”, “Slav-Türk-Ari arealının geostrateji imperativləri”, “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır”, eləcə də adlarını çəkmədiyim digər kitabların müəllifiyəm. Hətta dahi Azərbaycan mütəfəkkiri Mirzə Kazım bəyin ciddi tərcümə əsəri olan “Babül əl-Əbvab”ı ilk dəfə ana dilimizdə “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır” kitabımda vermişəm. Mirzə Kazım bəy bu əsərinə görə Çar Rusiyasında “Demidov mükafatı”, İngiltərədə isə “Viktoriya mükafatı”na layiq görülüb. Təvazökarlıqdan uzaq olmasın və uzunçuluq hesab olunmasın, ABŞ Konqres Kitabxanasında bir çox əsərlərim yer alır. Hətta bu əsərlərim amerikalı sovetoloqların böyük diqqət və marağını özünə cəlb etdiyindən Konqres Kitabxanasının direktoru mənə təşəkkür məktubu da göndərib. Həmçinin Kembric Universitetinin alimi Con Endryu Marrou ilə birgə “Islam and people of the book critical. Studies on the Covenants of The Prophet” kitabının Azərbaycan versiyasını hazırlamışıq. Əsər Böyük Britaniyada ciddi tədqiqat əsəri hesab olunur. Bundan başqa Steynford, Miçiqan, İllinoys, Braun və digər universitetlərin kitabxanlarında tədqiqat əsərlərim yer alır. Hətta bilib təəccüblənmişdim ki, “Beriya – Bağırovun qanadı altındakı türk agenti” kitabım rus dilində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda əlavə tədris vəsaiti kimi istifadə olunur və diplomatlar bundan geniş yararlanırlar. Bağırova gəlincə, gözümü açıb ona daha çox mənfi tərəfdən yanaşmanı görürdüm. Məhz bu cür yanaşma onun haqqında oxumaq, həqiqətlərdən agah olmağım üçün stimul verdi. Bu işdə mənə ilk dəstəyi verən mərhum tədqiqatçılardan Teyyub Qurban, Fazil Məmmədov olub. Sonralar tarixçi-alim Eldar İsmayılovun tədqiqatlarından da agah oldum. Gəncliyim daha çox Bağırovla bağlı həqiqətlərin axtarışında keçirdi. Uzun illər mütaliə, araşdırmalardan sonra Bağırov, Beriya, Hitler, Stalin, Trotskinin yer aldığı “Siyasi liderlərin psixoloji portretləri” kitabım nəşr olundu. Amma tədqiqat əsərimdə Bağırova daha çox yer vermişdim. Sonralar öyrəndim ki, xanım rejissor Mehriban Ələkbərzadə 20 il respublikaya rəhbərlik etmiş Bağırovla bağlı sənədli film çəkir. Onunla görüşüb kitabımın bir nüsxəsini verdim və Bağırov haqqında əlavə fikirlərimi çatdırdım. Təəssüf ki, Mehriban xanım kitabımdan bəhrələnib, oradakı materialları “Qırmızı Terror və ya Mir Cəfər Bağırov” filmində istifadə etsə də, adımı çəkmədi. İstənilən halda sağ olsun (gülür). İstənilən tarixi şəxsiyyətə münasibət birmənalı deyil və bu təbiidir. Odur ki, bütün tarixi simalara tarixi həqiqətlər, arxiv sənədləri və həmin dövrün reallıqlarından qiymət vermək lazımdır. Eləcə də Bağırova qeyd etdiyim prizmadan yanaşılmalıdır. Kiminsə subyektiv baxışı, emosional hissləri, qərəzi onsuz da heç bir tarixi fiqurun fəaliyyətinə xələl gətirə bilməz. Sadəcə müəyyən zaman kəsiyində aldatmaq olar. Amma gec-tez bütün sirlər açılır. Ümumi götürəndə son 20-25 ildə bu dövrümüzə münasibət dəyişməkdədir. – Adıgözəl müəllim, son vaxtlar bir qrup psevdotədqiqatçılar bizim Səfəvilər donəmimizi ittiham etməyə başlayıblar. - Azərbaycan tarixən tayfa və xalqların hərəkatının mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdirməyə çalışıblar. Lakin onlar öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib. Səfəvilər dönəmi isə dilimizin inkişafının və yayğınlaşmasının zirvə nöqtəsi olub. Mən bunu demişəm və yenə də deyirəm: Səfəvilər dövləti Böyük Azərbaycan dövlətçiliyinin geneoloji yaddaşıdır. Burda bir məsələyə də toxunmadan keçə bilmirəm. Zənnimcə, əslinə baxsan Səfəvilər dönəmində inkişaf edən və sonrakı mərhələlərdə təkmilləşən Azərbaycan dili türk dünyasının ortaq dili olmalıdır. Bu dil xüsusən coğrafiyamızdakı türklərin etnogenetik inkişaf tarixi nəticəsində formalaşan və təşəkkül tapan ən uğurlu dildir. Bilirsiniz, müasir Türkiyədə danışılan türk dili tarixi kökləri olmayan, bir çox halda isə süni uydurulmuş sözlərlə doludur. Bu 22 sentyabr 1932-ci ilə qədər Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”un baş redaktoru olmuş Aqop Maratyan, o cümlədən də Stepan Qurdikyan və  Kevork Simşekyanın birlikdə "dil mütəxəssisi" kimi fəaliyyətlərinin nəticəsidir. Yeni yaradılmış Türk Dil Qurumunun aparıcı mütəxəssisləri olan bu üç erməni əsilli Türkiyə vətəndaşları türk dilini öz tarixi keçmişindən ayırmaq üçün əllərindən gələni ediblər... Bu azmış kimi Aqop Maratyan 1942-1960-cı illərdə Türk Ensiklopediyasının hazırlanması işlərində baş redaktor kimi çalışıb. Türk Dil Qurumundakı vəzifəsi və dilçiliklə bağlı araşdırmaları 1979-cu ilə qədər, yəni ölümünə kimi davam edib. Aqop Maratyan və onun digər erməni həmkarları yeni sözlərin yaradıldığı “karşılıklar kılavuzu” komissiyasının üzvləri olmasalar da, onların hazırladığı sözlüklər əsasında qərarlar qəbul edilirdi. Onlar ərəb və fars dillərindən götürülmüş sözləri türk dilindən çıxarıb, çıxardıqları sözləri qadağan etdirib, bu sözlərin yerinə bağımsızlık, belirti, deprem, dönem, durum, eşey, eşit, gelişime, gösteri, ilişki, katılma, kullanma, kutlu, kutsal, nesne, olay, özgür, özgürlük, savunma, sorun, süre, tartışma, tutuklamak və sairə  kimi sözlərlə əvəzlətdiriblər. Bu həm də o vaxtkı türk elitasının ən böyük səhvi, türk millətinin ən böyük itkisi olub. Ona görə deyirəm ki, Azərbaycan dili türk mentalitetinin geneoloji yaddaşıdır və yalnız bu dil ortaq türk dili olmaq əsasını qoruyub. Nailə Qasımova, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

Bizə qoşulun