Medianews.az
Azərbaycanda sosial şəbəkə fəalları bir-birinə dəyib – Yeni cəzalar gəlir – <span style=color:red>TƏFƏRRÜAT
384 baxış

Azərbaycanda sosial şəbəkə fəalları bir-birinə dəyib – Yeni cəzalar gəlir – TƏFƏRRÜAT

Mayın 22-də Prezident İlham Əliyevin dörd qanuna dəyişikliyi təsdiqləyib. Həmin qanunlar bunlardır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, “Üzümçülük və şərabçılıq haqqında” qanun, “Dərman vasitələri haqqında” qanun və “Reklam haqqında” qanun. Bu dəyişikliklər nəticəsində "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları" (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın. Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər (reklam yayımının "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunması, İstehlakçılara müvafiq məlumatların, o cümlədən reklamverici barədə məlumatların verilməsi) və qadağalar (reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq, özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq) da müəyyən edilib. Hazırda istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qəbul olunub ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır. Həmçinin rəqəmsal platforma təsirçisinin reklam subyektləri sırasına daxil edilməsi ilə əlaqədar olaraq "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilib. Bu dəyişikliyə əsasən reklam olunan dərman və tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi rəqəmsal platforma təsirçisinə onun tələbi əsasında müvafiq zəruri sənədləri təqdim etməlidir. Bununla bərabər, tündlüyü 5%-dən yuxarı olan alkoqollu içkilərin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada reklamı qadağan edilib. Qanuna təkmilləşdirmə və dəqiqləşdirmə üçün də bir sıra dəyişikliklər edilib və vurğulanıb ki, məqsəd istehlakçıların hüquqlarının qorunması, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsidir. Qeyd edək ki, "rəqəmsal platforma təsirçisi" "influencer" sözünün ingiliscədən tərcüməsi kimi anlaşılmalıdır. Yəni “influencer”lər artıq Azərbaycanda rəsmən "rəqəmsal platforma təsirçisi" kimi tanınıb. İfadə qısa formada "təsirçi" kimi də işlənə bilər. Medianews.az xəbər verir ki, bu dəyişikliklər hazırda sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib. Jurnalist Hacıbəy Heydərli şəbəkədə belə yazıb: “Qanunda ən mühüm dəyişiklərdən biri odur ki, bundan sonra Azərbaycanda influenser özünün istifadə etmədiyi məhsul barədə yanlış təsəvvür yarada bilməyəcək: “Düşünürəm ki, bu dəyişiklik sosial media istifədəçilərinin aldadılmasının qarşısını almağa yönəlib. Çünki reallıqdır ki, ölkədə influenserlərin, bloqçuların reklamlarına aldanıb, dələduzların əlinə düşən minlərlə insan var. Bəzi influenserlər pul qarşılığında, mənşəyi, hüquqi ünvanı olmayan şirkətləri, qumar, kazino saytlarını, saxta piramida şirkətlərini, “applicationları” reklam edirdilər. Onlara inanan insanlar da bu tələyə düşüb, həm maddi, həm mənəvi ziyana düşürdülər. Bundan sonra influenserlər reklam etdikləri şirkətlərin hüquqi ünvanını, VÖEN-ini postlarda qeyd etməlidirlər. Ancaq düşündürücü məqamlardan biri də ölkədə bu qədər influenser var ikən onlara nəzarət hansı mexanizmlə olacağı ilə bağlıdır. Ümumilikdə isə bu qanun dəyişikliyi Azərbaycanda rəqəmsal reklam mühitinin hüquqi tənzimlənməsi baxımından mühüm yenilikdir və rəqəmsal platformalarda reklam fəaliyyətinə şəffaflıq gətirəcək və insanların aldanmasının qarşısını alacaq”. Bloqçu Fərid Pərdəşünas sosial şəbəkə hesabında vurğulayıb: “İnfluenser və bloqçular üçün qara xəbər gəldi və qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloqçular sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydini əlavə etməlidir. Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və reklam etdiyi markanın hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun artıq qüvvəyə minib. Diqqətli olun!” F.Pərdəşünas bildirib ki, influenser üçün olan qanun əlavəsində gözdən qaçan qəribə bir nüans var: “Belə ki, influenser reklam etdiyi məhsulun sifarişçi şirkəti ilə bağlı paylaşımda elan yazmalıdır. Bura şirkətin adı, ünvanı, telefonu, e-poçtu, VÖEN-i daxildir. Misal üçün, siz Technote-dan reklam almısınızsa, bu reklamı edən zaman reklamı bəyan etməklə yanaşı, paylaşımda bunu yazmaq lazım gələcək: Sifarişçi: TECHNOTE MMC, Məmməd Araz küç, Nərimanov, Bakı ş. VÖEN: 1921827188 Əlaqə: +994 50 000 11 11 E-poçt: info@technote.az Bundan əlavə reklam olunan məhsul lisenziya və standart tələb edirsə, mütləq şəkildə istehlakçıya o standartı və lisenziyanı görə bilməsi üçün keçid və ya məlumat yerləşdirməlisiniz”. F.Pərdəşünas onu da qeyd edib ki, əslində, qanunda ən azı reklamda hüquqi şəxsin adını, ünvanını yazmaq kimi qaydaları yüngülləşdirmək yaxşı olardı: “Mən özüm də davamlı olaraq influenser fəaliyyəti ilə məşğulam. Ara-sıra digər bloqçulara atmaca xarakterli, zarafatyana rəylər yazsam da, onlara qarşı bu qədər aqressiyanın qəti tərəfdarı deyiləm. Azərbaycanda özünə hörmət edən influenserlərin 99%-i uzun illərdir vergi ödəyicisidir. Buna səbəb brendlərin ancaq köçürmə ilə işləməsidir. İndi yeni qanunda onlar sadəcə işlədiklərini bəyan etməlidirlər. Yəni burada kimsə işindən olmur və ya əlavə vergi yükü ilə yüklənmir. Ölkədə toy biznesi kimi vergidən külli miqdarda yayınan sahə olduğu halda, 15-20 nəfər influenserə bu qədər nifrət nitqi yazmaq da doğru deyil. Yaxşı, bu qədər nifrət edilirsə, onları izləyənlər kimdir bəs?” Elektron ticarət və innovativ biznes həlləri üzrə ekspert Nicat Manafov sosial şəbəkə hesabında bunları diqqətə çatdırıb: “İnflunserlərin reklamlarını nəhayət ki, nizama salan qanun qəbul olundu. Artıq hər bir influnser rəqəmsal platforma təsirçisi sayılır və reklam haqqında qanunun tələbləri onlar üçün də keçərli olur. Gizli reklam və ya açıq reklam olduğu halda "reklam olduğunu" postda bəyan etməyən bütün influnserlər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulur. Hamı soruşur ki, influnserlərin reklamına necə nəzarət olunacaq? Cavab verim, əsas dünya praktikasında ictimai nəzarət ilə olunur bu iş. Vətəndaş şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət həmin paylaşım barədə araşdırma aparacaq. İnzibati cərimə protokol ilə tətbiq ediləcək. Bizdə də maşallah, ən çox nifrət edilən adamlar influnserlərdir. Çətin olacaq. İnflunserlər istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələri yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı paylaşımda göstərilməlidir”. İnflunserlər qanuna məhəl qoymadıqda necə və hara şikayət etmək lazım olduğunu N.Manafov belə izah edib: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətnin saytından, şikayət başlığından "Reklam qanunvericiliyinin tələblərinin pozulması" başlığını seçib, şikayət etmək istədiyiniz postun və ya “story”nin Url-sini göndərərək şikayət edə bilərsiniz”. N.Manafov onu da vurğulayıb ki, yalançı icmal/incələmə videosu çəkənlər də inzibati cərimədən payını alacaqlar: “Markalardan müxtəlif ödənişlər və ya hədiyyələr alıb, o markanın məhsulunu "video icmal" adı ilə millətə soxuşduran influnserlər də artıq icmallarında mütləq sponsorlu video olduğunu bəyan etməlidirlər. Belə olduğu halda istehlakçılar onların icmalının şişirtmə olduğunu biləcək. Görək hələ nələr çıxacaq. Sektor yenidən şəkillənir”. Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında N.Manafov əlavə izahlar da verib: “Tutalım, elə adam var ki, deyir uşağımı kollecdə oxutdururam, həmin kollecin övladıma etdiyi güzəşt, verdiyi imtiyaz qarşılığında kolleci reklam edirəm. Deyir kollec buna görə mənə pul ödəmir, mən onları yalnız əldə etdiyim imtiyaza görə reklam edirəm. İndi belə insanlar sual verirlər: Bu, reklamdırmı? Cavab verirəm: Bəli, artıq yeni qanunla bu, reklamdır. Çünki pul və ya digər şəkildə hansısa imtiyaz əldə etmisən. Yaxud kimsə bir tədbirə gedir və onu işıqlandırır. Əgər bundan imtiyaz əldə edibsə, sponsoru işıqlandırıbsa, bu artıq reklam kimi qiymətləndiriləcək”. N.Manafov sayta açıqlamasında onu da deyib ki, şəbəkələrdə influnserlərə kütləvi nifrət hiss olunur: “Bunun səbəbi isə bəzi influnserlərin əziyyət çəkmədən, vergi ödəmədən asan yolla pul qazanmalarıdır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun