Medianews.az
Ermənistanda parlament seçkiləri: Paşinyan uduzsa... <span style=color:red>Ciddi çağırışlar olacaq
113 baxış

Ermənistanda parlament seçkiləri: Paşinyan uduzsa... Ciddi çağırışlar olacaq

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədəki reytinqi əvvəlki dövrə nisbətən düşüb. “Gellap” şirkətinin keçirdiyi sorğuya görə, 2026-cı ilə nəzərdə tutulan parlament seçkisi bu həftə keçirilsə, Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası səslərin 11,8 faizini toplayardı. Onun əsas müxalifləri – keçmiş prezident Robert Köçəryanın liderlik etdiyi Ermənistan bloku 8 faiz, lideri digər sabiq prezident olan Serj Sərkisyanın “Qürurluyam” bloku isə 3,7 faiz səs yığardı. Ötən ilin iyulunda Vətəndaş Sazişi Partiyasına səs verməyə hazır olanlar 14,4 faiz idi. O vaxt respondentlərin 3,7 faizi Ermənistan blokuna, 2,3 faizi isə Serj Sərkisyanın lideri olduğu Respublikaçılar Partiyasına səs verməyə hazır olduğunu söyləmişdi. Ermənistan parlamenti proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Mandat almaq üçün minimal baryer 5-7 faiz arasında dəyişir. İndiki parlamentdə Vətəndaş Sazişi Partiyasının 69, Ermənistan blokunun 28, “Qürurluyam” blokunun 6 mandatı var. Bu il Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdəki yerli seçkilərdə müxalif Kommunist Partiyası qalib gəlib, Paşinyanın partiyası həmin seçkidə məğlub olub. Nikol Paşinyan və komandası 2026-ci ildə keçirilməli olan parlament seçkisini uduza bilərmi? Robert Köçəryanın liderlik etdiyi Ermənistan bloku parlament seçkilərində qalib gəlsə, yaxud indiki 28 mandatdan daha çox mandat əldə etsə, Ermənistan-Azərbaycan danışıqlarının taleyi necə olacaq? Gözlənilən sülh sazişi sual altına düşə bilərmi? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, həqiqətən də son vaxtlar Ermənistan baş nazirinin, onun təmsil etdiyi partiyanın reytinqi xeyli azalıb: “Amma nəzərə alaq ki, Paşinyana müxalif olan əsas qüvvələrin də reytinqi düşüb. Bu baxımdan deyə bilərik ki, hazırda Ermənistan cəmiyyətində mövcud siyasi qüvvələrə etimad ciddi şəkildə azalıb. Söz yox, Nikol Paşinyan da bunu görməkdədir. Son yerli seçkilər zamanı Gümrüdə və daha iki şəhərdə Paşinyanın nümayəndələri uduzdular, bu, baş nazir üçün ciddi bir siqnal sayıla bilər və onun bunu görməzliyə vurması mümkün deyil. Hakim partiya mediaya açıqlamalarında bu prosesləri diqqətlə izlədiyini gizlətmir, amma qələbələrinə əmin olduqlarını da söyləyirlər. Əlbəttə, bu bir az piar kampaniyası kimi də qəbul oluna bilər, ancaq gələn il keçiriləcək parlament seçkilərində nə qədər səs itirsə də, hakim partiyanın yenə seçkidən birinci partiya kimi çıxacağı ehtimalı qüvvədə qalır”. O.Qasımovun fikrincə, Ermənistan müxalifətinin əsas problemi köhnə şüarlardan əl çəkməməsi və liderlərinin nüfuzunu itirmiş şəxslər olmasıdır. Söhbət Robert Köçəryan və Serji Sərkisyan qruplaşmasından gedir. Ermənistan müxalifəti ortaya yeni lider, yeni sima çıxara bilmir. Gələn il Paşinyan seçkini uduzsa, yaxud Köçəryan və digər revanşistlər seçkidə qalib gəlməsələr belə parlamentə indikindən çox mandat qazana bilsələr, bu, və Ermənistan- Azərbaycan münasibətlərinə çox neqativ təsir edəcək. Çünki bu bir yandan Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyənin güclənməsindən xəbər verəcək, o biri yandan həmin əhval-ruhiyyəni bir az da gücləndirəcək. Bütün bunlar Azərbaycanla sülh müqaviləsi imzalanmasına problem yarada bilər. Azərbaycan üçün hazırda beş ildir Paşinyanla aparılan danışıqların, prosesin elə onun özünün iştirakı ilə yekunlaşması daha məntiqli olardı”. O.Qasımov sonda bir daha vurğulayıb ki, Ermənistan cəmiyyəti gələn il Paşinyanın əleyhdarlarına, müxalifətə səs versə, revanşizmi dəstəkləsə, bu, bölgə üçün kifayət qədər ciddi çağırışlar demək olacaq: “Amma bunun ən ağır zərbəsi də ilk növbədə erməni cəmiyyətinə dəyəcək. Çünki cəmiyyət verdiyi qərarın yükünü çiynində daşımalı olacaq”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun