Medianews.az
“Ögey ana”dakı uşaqların taleyi haqda İLLƏR SONRA danışdı: “Bizdə qalırdılar, aktrisanın oğlu idi” - <span style=color:red>FOTO
323 baxış

“Ögey ana”dakı uşaqların taleyi haqda İLLƏR SONRA danışdı: “Bizdə qalırdılar, aktrisanın oğlu idi” - FOTO

“Bir səhifə tiktoka götürüb şəkilimi qoyub və yazıb ki, “Sevinc Axundova rəhmətə gedib”. Hamı da rəhmət oxuyub. Bunu yazan hansı şərəfsizdirsə bilmirəm. Onu da deyim ki, həmin səhifədə nəinki məni, bir çox sağ sənətkarlarımızı “öldürüb”lər. Mən pislik etmək istəmirdim, amma gördüm ki, bu xəbər yaxınlarımı da, əzizlərimi də narahat edib. Mənim heç kimlə düşmənçiliyim yoxdur. Niyə etsinlər ki, bunu? Kimə lazımdır axı? Ona görə də polisə zəng edib, şikayət etdim. Araşdırılsın ki, görüm bu şəxs kimdir? Daha sonra orada Suğra Bağırzadəni də paylaşıblar. İnsanlar görün necə pul qazanırlar? Qızım Çinarə götürüb həmin səhifəyə yazıb ki, niyə belə edirsiz? Ayıbdır axı! Bundan sonra götürdü şəkilimi lap yuxarıda sabitlədi və qızımı bloka atdı”. Bunu Medianews.az-a müsahibəsində “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova deyib. Sevinc Axundova daha sonra filmin digər qəhrəmanlarının taleyindən danışıb: “Filmdə İsmayılın dostlarını oynayan bir neçə aktyor haqda məlumatım var. Səməd rolunda oynayan Fərhad Bakıxanov AZTV-də işləyirdi, bəzən onu görürdüm, söhbətləşirdik. 1 il bundan əvvəl eşitdim ki, rəhmətə gedib. Hansı ki, o İsmayılla filmdə yola getmirdi. Filmdəki Dadaş rolunu oynayan Ceyhun Şərifov barədə heç bir məlumatım yoxdur. Təkcə bunu bilirəm ki, onun anası məşhur aktrisa Məhluqə Sadıqova idi. O uzun illər AZDRAMA və Bakı Bələdiyyə Teatrında işləyib. Ceyhun özü idmanla da məşğul olurdu. Solmaz rolunu oynayan qızın adı Almaz idi. Onunla çox yaxın olmuşam, hətta bizim evdə də qalıb. Təəssüflər olsun ki, sonradan izi itirdim. Eşitdim ki, bir neçə il bundan əvvəl isə dünyasını dəyişib. Hətta yadımdadır ki, həmin Solmaz roluna xalq artisti Əminə Yusifqızı da “prob”-a gəlmişdi. Heç kəslə əlaqəm yoxdur. Yanımdakı qızlardan biri Səmayə Mirabdullayeva rejissor Emin Mirabdullayevin anasıdır. Bir il əvvəl telefonla danışmışıq. Amma mənə də maraqlı idi ki, illər sonra görüşüb, filmlə bağlı xatirələri yada salaq. Film İsmayıllının Qalacıq kəndində çəkilib. Bu gün də insanları həmin evi tapıb, şəkillər çəkdirir və sosial şəbəkələrdə onları paylaşırlar. Mənim özümə də həmin evə getməklə bağlı televiziyalardan dəvət gəlib. “Ögey ana” filmi həqiqətən də kino tariximizdə böyük iz qoyub” deyə sənətçi bildirib. Sevinc Axundova deyir ki, sonradan çəkilən heç bir film orijinalı kimi uğur qazanmır: “Sözün düzü? istəməzdim ki, “Ögey ana” filmi yenidən çəkilsin. Bunu təsəvvür belə etmirəm. Bir dəfə çəkilib, möhürü vurulub. Təkrarlamaq nəyə lazımdır ki? Onsuz da bilirik ki, orijinalından yaxşı alınmayacaq. Amma istərdim ki, bu tipli, bu mövzuda filmlər çəkilsin. Tək “Ögey ana” yox, elə “Qaraca qız” da möhtəşəm filmdir. O gün bir yerdə idim, bizim köhnə uşaq filmlərimizi tərifləyirdilər. Çünki bu filmlərə valideynlər birgə oturub baxmaq olur. O səviyyəyə çatmaq lazımdır ki, keçmişdə olan filmlərimiz kimi ekran əsərləri çəksinlər. Düzdür, bəzi hallarda yaxşı filmlər çəkilir. Məsələn, Rövşən İsaxın televiziya filmləri, serialları sadəcə möhtəşəmdir. Amma bədii filmlər sahəsində bir az axsıyırıq. Rusiyada köhnə filmləri yenidən çəkirdilər, heç də ləzzət etmirdi. Bu mənim subyektiv fikrimdir” deyə Sevinc Axundova bildirib. Əli Əsgər, Medianews.az [gallery columns="1" link="file" size="full" ids="820576,820572,820575,820574,820573"]

Bizə qoşulun