Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib.
Yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir.
Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.
Yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a açıqlamasında deyib: “30 ildir bu sektordayam. Sektorda elə problemlər, elə məsələlər olub ki, həm qısa müddət, həm də uzun illər həlli mümkün olmayıb. Amma bunların çoxunun səbəbləri bəlli olub. Məsələn, 2000-ci illərin əvvəli o zamankı rabitə naziri bir əmr imzalayaraq internetə senzura tətbiq etmişdi. Biz 2 il məhkəmələrdə onunla vuruşduq. Nəhayət, 3 il sonra həmin əmr ləğv edildi.
20-30 il texnoloji ixtisaslara qəbul olmaq istəyənlər, 10 il informatika fənni mənimsəməsinə baxmayaraq informatika əvəzinə kimyadan qəbul imtahanı verib. Məhz bu amil ölkədə rəqəmsal transformasiyanı xeyli ləngidən amillərdən olub. Nəhayət, uzun illər aparılan mübarizədən sonra 2 il öncə bu problem də həllini tapıb.
Amma tam səmimi deyim, 20 ildir hökumətin distant təhsil formasına qoyduğu qadağanın mahiyyəti şəxsən mənə məlum deyil. Bilmirəm ki, hökumətin burada məqsədi nədir. Yalnız ehtimallarım var. Nə üçün irəli getmək istəyən, bura investisiya yatıran, imkanı olan universitetləri arxadan zorla tutub saxlayırlar, anlamaq çox çətindir. Amma qonşu ölkələrin, dünyanın universitetləri bu təhsil formasını tanıyır, xidmət verir və bundan da milyonlar qazanır və inkişaf edirlər, rəqabətə də davamlı olurlar. Bizim hökumət isə distant təhsil forması ilə diplom alanların diplomlarını tanımaqdan imtina edir. İndi hökumət handan-hana "distant təhsil standartı" qəbul edib. Ümid edirəm bu təhsil forması ilə qəbul elanı vermək də uzun çəkməz”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kompüter elmləri kafedrasının dosenti İlham Əhmədov da Medianews.az-a deyib ki, bu gün dünyada distant təhsili olmayan çox az təhsil sistemi tapılar: “Həmin o azların içində bizim təhsil sistemi də var. Bütün inkişaf etmiş, inkişafda olan, hətta 3-cü qrup bəzi ölkələrdə də distant təhsil sistemi var. Məsələn, Monqolustan, Cibuti və başqa bu kimi ölkələrdə 10 ildir ki, distant təhsil sistemi var. Bəs bizdə niyə yoxdur?
Əgər distant təhsil sistemi pisdirsə, niyə 200 min vətəndaşımızın qısa müddətli onlayn peşə kursları keçməsi üçün "COURSERA" şirkətinə bu il 10 milyonlarla dollar vəsait ödəniləcək?
Yox, distant təhsil sistemi yaxşıdırsa, bizdə niyə yoxdur? Əgər problem maliyyədədirsə, onda "CORSERA"ya yönəldilən pulu ölkədə distant təhsilin yaradılmasına və inkişafına yönəltmək olardı. Axı, biz “COURSERA"ya hər il bu qədər pul ödəyə bilmərik, olmazdımı bunu özümüzdə yaradaq?
Distant təhsilin qarşısı niyə kəsilib? Ya son 25 ildə təhsil naziri vəzifəsində olanlar distant təhsil sisteminin böyük imkanlarından xəbərsiz olublar (bu çox pisdir), ya da bundan xəbərləri olub, amma buna mane olublar (bu qat-qat pisdir). Reallıq isə ortadadır. Ölkədə hələ də distant təhsil yoxdur. 20 ildir bu sualı nazirliyə yollayırıq, amma heç bir izah verən də yoxdur”.
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul etməsinə gəlincə, İlham Əhmədov deyib ki, bu standart qəbul ediləndən sonra distant təhsil mövzusu yenidən aktuallaşıb: “Amma prosesin davamı olacaqmı, məntiqi yekununu görəcəyikmi? Elm-təhsil sahəsində Çinlə əməkdaşlığa hazırlaşırıq. Təbii ki, bu əməkdaşlıq görüntü xarakterli olacaq və ciddi nəticələr verməyəcık. Niyə? Onlar bilsələr ki, bizdə hələ də distant təhsil yoxdur, distant təhsil standartını biz 2025-ci ildə qəbul etmişik, bizim səviyyəmiz barədə nə düşünərlər? Bizim elm-təhsil sahəsində onlardan geriliyimiz bütün istiqamətlərdədir, özü də çox ciddidir. Bu halda onların bizimlə əməkdaşlığa hansı maraq və həvəsi ola bilər?
Son 25 il ərzində distant təhsil mövzusunda yüzdən çox məqalə dərc etmiş, xeyli müsahibələr vermişik, amma faydası olmayıb. Hələ 10 il əvvəl demişdim ki, biz artıq informasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyətinin təhsili informasiya təhsil mühitində, informasiya cəmiyyətinin texnologiyaları ilə reallaşır. Lakin yeni cəmiyyətin tələblərinə təhsildə keçid inqilabı üsullarla deyil, təkamül yolu ilə olmalıdır. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “…təhsildə inqilab mümkün deyil, təhsildə islahat yolu ilə irəliləmək olar”. Son onilliklərdə dünyada İKT sahəsində çox böyük inkişaf olub. Xüsusilə internetin yaranması təhsildə çox böyük imkanlar yaradıb. Bunun bariz nümunəsi onlayn təhsilin yaranması və sürətli inkişafıdır. Bu gün dünyada virtual təhsildə çox böyük irəliləyişlər müşahidə olunur.
Distant təhsilin inkişafı ilə əlaqədar tarixi ekskurs etsək görərik ki, distant təhsil vaxtı ilə qiyabi təhsilin əlavəsi kimi yaranıb, XX əsrin 60-cı illərindən inkişafa başlayıb. 1969-cu ildə ilk distant təhsil müəssisəsi kimi London Açıq Universiteti yaranıb. 1970-ci illərdə Türkiyədə Anadolu Universiteti yaradıldı (bu gün Anadolu universitetində yüz minlərlə dinləyici təhsil alır). Bu mərhələdə tədris radio, televiziya verilişləri və məktublaşma vasitəsi ilə reallaşırdı. İnternetin yaranmasından sonra isə tələbə və müəllim arasında bütün əlaqələr internet üzərindən operativ qaydada həyata keçirilməyə başladı.
Distant təhsil öz texniki və didaktik imkanlarına görə ənənəvi təhsili bir çox sahələrdə qabaqlayırdı. Distant təhsil - öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə müəyyən məsafədən həyata keçirən təlim sistemidir. Son illər distant təhsilə təhsil forması kimi yox, daha çox təhsil texnologiyası kimi baxılır. Distant təhsil müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və ya ikinci ali təhsil almaq arzusunda olan şəxslərə daha əlverişli imkanlar yaradır”.
Nailə Qasımova,
Medianews.az