Medianews.az
Maaş, pensiya almağın yeni qaydası işə düşür – <span style=color:red>Diqqətli olun
236 baxış

Maaş, pensiya almağın yeni qaydası işə düşür – Diqqətli olun

Aprelin 23-də Mərkəzi Bankın sədri Taleh Kazımovun iqtisadçı ekspertlərlə görüşündə qaldırılan məsələlərdən biri də, qanunda nəzərdə tutulduğu kimi, vətəndaşların maaş və pensiyaları istədiyi bank vasitəsilə almaq, maaş və pensiyaların sırf iri banklarla ödənilməsi praktikasına son qoymaq olub. Görüşün iştirakçılarından olan Natiq Cəfərli müzakirələrdən iki gün sonra “Facebook” şəbəkəsində yazıb: “Yaxın həftələrdə maaş və təqaüdlərinizi istədiyiniz banka köçürə biləcəksiniz, belə bir imkan olacaq, bu, bank sektorunda rəqabətli mühitə müsbət təsir edəcək - kiçik və orta banklar müştəri qazanmaq üçün yaxşı təkliflər hazırlamalıdırlar. Qərar çıxanda tələsməyin, gözləyin, görək bankların təklifi nə olacaq”. Aprelin 28-də mövzu ilə bağlı Medianews.az-a danışan Natiq Cəfərli deyib ki, maaş və təqaüdlərin banklar vasitəsilə ödənilməsi banklara əlavə dividentlər gətirir, onların qazanc marjını artırır: “Maaş və pensiyaların yalnız iri banklarla ödənilməsi praktikasına son qoyulması, vətəndaşlara bu məsələdə istədiyi bankı seçmək imkanının verilməsi kiçik və orta banklara iri banklarla rəqabətə girmək fürsəti yaradır. İndi hər bir bank elə sərfəli təklif irəli sürməlidir ki, vətəndaş öz təqaüd və ya maaş hesabını həmin bankda açmağa maraqlı olsun. Bu təkliflər müxtəlif məqamları əhatə edə bilər - qalığa əlavə faiz hesablanması, faizsiz nağdlaşdırma, bonuslar, kəşbəklər və sair. Vətəndaşın artıq seçim imkanı yarandığı üçün banklar ən müxtəlif ideyaları, təklifləri götür-qoy etməli olacaqlar”. Tutalım, 20 nəfərlik müəssisədə çalışanların hər biri maaşını fərqli bankdan almaq istəyir. Bu, mümkün olacaqmı? N.Cəfərli qeyd edib ki, müəssisənin neçə işçisinin olması burada heç bir rol oynamır: “Lap min işçisi olsun, fərqi yoxdur. Hər kəs maaşının istədiyi banka köçürülməsini təmin edə biləcək. Bundan ötrü işçi müəssisənin mühasibatlığına bir dəfə müraciət edəcək. Deyəcək ki, mənim maaşımı filan bankdakı hesabıma köçürün. Bundan sonra avtomatlaşdırılmış sistemlə maaş və təqaüdlər həmin hesablara köçürüləcək. Burada texniki cəhətdən çətin heç nə yoxdur. İlk müraciətlərdən sonra bir-iki ay mühasibatlığın iş yükü arta bilər. Amma sonradan proses avtomatik gedəcək. Yəni texniki baxımdan çox asan həll olunası bir məsələdir. Təqaüdçülərin də təqaüdü almaq üçün seçdiyi bankla bağlı yalnız bir dəfə müraciət etməsi kifayət edəcək”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun