Medianews.az
"Pezeşkian Güney Azərbaycandakı prosesi yeni mərhələyə keçirib" - <span style=color:red>Politoloq
205 baxış

"Pezeşkian Güney Azərbaycandakı prosesi yeni mərhələyə keçirib" - Politoloq

“İranda Azərbaycan türklərinin milli oyanışı başa çataraq etno-mədəni və milli-siyasi kimliyin müəyyənləşməsi mərhələsinə daxil olub”. Politoloq Xaqani Cəfərli bu fikirdədir. İran Prezidenti Məsud Pezeşkianın iştirak etdiyi bir toplantıda Azərbaycan xalqının böyük şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir hissəni səsləndirdiyini, bunun geniş müzakirə doğurduğunu xatırladan politoloq Medianews.az-a açıqlamasında qeyd edib ki, İranda soydaşlarımızın milli oyanışında müstəsna rol oynayan Şəhriyarın yaradıcılığına nə qədər çox müraciət edilsə, etno-mədəni, milli-siyasi kimliyin müəyyənləşməsi və tamamlanması bir o qədər tez başa çatar: “Prezident Məsud Pezeşkianın tez-tez “Heydərbabaya salam” poemasına müraciət etməsi, xüsusilə də poemanın Novruz bayramı ilə bağlı hissələrini səsləndirməsi müstəsna əhəmiyyət daşıyır. Çünki Novruz bayramı millətimizin etno-mədəni kimliyinin müəyyənləşməsində böyük təsirə malikdir. Vətəndaşı olduğu dövlətin (İran) rəsmi dövlət dilinin (fars dili) evində işlədilməsini qadağan etdiyini deyən, özünün milli kimliyi ilə fəxr etdiyini qabardan, bütün bunlarla yanaşı İranın Prezidenti seçilən Məsud Pezeşkian Güney Azərbaycanın öz müqəddəratını təyin etmə prosesini başladıb və bu prosesi geri dönməz bir mərhələyə keçirib. Beləliklə, bu prosesdə öz tarixi rolunu oynayıb”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun