“Son günlər AZDRAMA-da baş verən hadisələr ürək ağrıdır. Bir şey ki, kollektivin ümumi razılığı ilə yox, fərdi şəkildə təyinatla olur.
Akademik Milli Dram Teatrına-Tofiq Kazımovun, Mehdi Məmmədovun, Ədil İsgəndərovun kreslosuna oturmaq üçün bütün səviyyələrdə ona hazırlıqlı adamlar lazımdır. Teatr müqəddəs məbədahdır. Mən bu sözü hələ o vaxt Mehriban Ələkbərzadə bədii rəhbər təyin olunanda bildirmişdim. Bu sözümə görə mənə çoxlu tənqidlər, təcavüzlər, təhqirlər oldu. Mən yenə də bu fikirdəyəm. Hər şey kollektivlə razılaşdırılmış şəkildə olmalıdır. Bizim evimizi şəxsi münasibətlər üzərində qurulmuş dostluqlar yıxır”

Bunu
Medianews.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra əlavə edib:
“Mehriban Ələkbərzadə əgər o teatrın bədii rəhbər postuna layiqdirsə, bəs o zaman bu kollektivə edilən zülm nə deməkdir? O adamlar kollektivə rəhbərlik edirlər ki, onların şəxsi ambitsiyaları, maraqları olmamalıdır. Onları ancaq kollektiv maraqlandırmalıdır. Əgər Akademik Milli Dram Teatrında bu gün arzuolunmaz bir situatsiya yaranıbsa və dövlət bu işə müdaxilə etmirsə... Daha nə deyim? Onda belə çıxır ki, hər şeyi mətbuat həll edir də. Artist bir söz deyir, rəhbər bir söz deyir. Mehriban bir söz deyir, aktyorlar bir söz deyir. İctimai şou düzəldiblər. Bu şoumenlikdir. Bu teatrın nüfuzuna da, adına da ziyan, xələl gətirir. Bu məsələ kollektiv şəkildə həll olunmalıdır. Artıq cənab nazir Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb. Mən bu görüşü çoxdan arzulayırdım. Rəsmi sürətdə yığılıb müraciət ünvanlamalı idilər. Necə ola bilər ki, bədii rəhbərlə heç kim bacarmasın? Belə şey ola bilər? Hər kəs hər şeyi çox gözəl bilir. Cənab nazirə dövlət başçısı tərəfindən səlahiyyət verilib. Teatrı uşaq-muşaq, cocuq-mocuq idarə edə bilməz! Bunlar hamısı dərhal dayandırılmalıdır. Bu hadisələr qanun çərçivəsində həll olunmalıdır, şəxsi müstəvidə yox! Mən də cənab nazirimiz Adil Kərimliyə müraciət edirəm ki, bu məsələni xüsusi diqqətdə saxlasın” deyə sənətkar bildirib.
Medianews.az saytının əldə etdiyi məlumata görə, dünən 16:00 radələrində cənab nazir Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb, sənətçilərin problemləri ilə yaxından maraqlanıb. Bir neçə aktrisa bədii rəhbərin əleyhinə danışıb. Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, xalq artisti Əli Nurdan başqa, bu dəfə bədii rəhbərə etirazını bildirənlərdən biri də aktrisa Mətanət Atakişiyeva olub. Cənab nazir sənətçilərin problemlərini səbrlə dinləyib. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə bir neçə dəfə danışmaq istəsə də, cənab nazir ona söz verməyib.
Medianews.az