Medianews.az
Lavrov Qazaxıstanı nə üçün indi <span style=color:red>təhdid edir?
245 baxış

Lavrov Qazaxıstanı nə üçün indi təhdid edir?

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dövlətlərin sarsılmaz ərazi bütövlüyü prinsipini əsas götürdüklərini, buna görə qondarma Donetsk və Luqansk “xalq respublikaları”nı tanımadıqlarını bəyan etmişdi. Qazaxıstan Prezidentinin təxminən üç il öncə səsləndirdiyi fikrə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun indi cavab verməsi və təhdid sayıla biləcək fikirlər səsləndirməsi təsadüfi deyil. “Kommersant” qəzetinə müsahibəsində nazir Lavrov Prezident Tokayevin dövlətlərin ərazi bütövlüyü prinsipini vurğuladığını yada salaraq BMT-nin üzvü kimi Qazaxıstanın millətlərin öz müqəddəratını təyin etmə hüququna hörmət etməsinin gərəkliyini bildirib. Rusiyanın Ukraynaya qarşı oynadığı “rus dilli xalqların öz müqəddəratını təyin etməsi” ssenarisinin Qazaxıstan variantının olduğu çoxdan məlumdur. Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlayan işğalçılıq müharibəsindən sonra buna cəhdlər də edilmişdi. Lakin Ukraynada “ildırımsürətli müharibə” planı iflas olan Rusiya iki cəbhədə döyüşə bilməyəcəyini anladığı üçün Qazaxıstana qarşı oyunu dayandırmaq məcburiyyətində qalmışdı. Lavrovun Qazaxıstanı indi təhdid etməsinin isə iki əsas səbəbi var. Ukrayna Rusiyanın hərbi gücünü məhv etdiyi kimi, Qazaxıstan da qlobal enerji bazarında Rusiyanın mövqelərini sarsıdır. Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” sammitindən sonra Çexiya Rusiyanı Qazaxıstanla əvəz etmək qərarına gəlib. Çexiya özünün atom elektrik stansiyaları üçün uranı bundan sonra Rusiyadan deyil, Qazaxıstandan alacaq. Ötən il Qazaxıstan uran istehsalını 10 faiz artıraraq 23 min 270 tona çatdırıb. Dünyadakı uran ehtiyatının 15 faizinə malik olan Qazaxıstan bu sahədə Rusiyanın əsas rəqibidir. Avropa ölkələrinin üzünü Qazaxıstana çevirməsi Rusiyanın strateji məğlubiyyətini sürətləndirən əsas amillərdən olduğu üçün Lavrov Astananı təhdid etməsinin birinci səbəbidir. Lavrovun Qazaxıstanı təhdid etməsinin ikinci səbəbi Rusiya əsarətində olan türk xalqlarının milli oyanış prosesinin son zamanlar vüsət alması ilə bağlıdır. Başqırdıstanın “Ay Yola” qrupunun “Humay” (Homay) mahnısının Rusiyadakı türk xalqları arasında gözlənilməz populyarlıq qazanması rus millətçilərini qorxuya salıb və Rusiyada türkçülüyün qadağan olunması tələb edilir. Ruslara görə, Rusiyadakı türk xalqlarının milli oyanış prosesinin son zamanlar vüsət almasında Qazaxıstanın ciddi təsiri var. Qeyd edək ki, rusların bu qənaəti əsassız deyil. Rusiyadakı türk xalqlarına Qazaxıstanın təsiri bütün türk dövlətlərindən daha çoxdur. Çünki Rusiya Federasiyasındakı türk xalqlarının böyük əksəriyyəti qazaxlara daha yaxın xalqlardır. Başqırdlar isə ümumiyyətlə qazaxlarla bir xalq kimidir. Qazaxıstanın milli dövlət quruculuğunun uğurla davam etməsi Rusiya müstəmləkəsində olan türk xalqlarında, xüsusilə də tatar və başqırdlarda milli dövlətə sahib olmaq arzusunu gücləndirir. Rusiyadan ayrılmaq potensialı olan üç əsas toplumun ikisinin tatar və başqırdlar olduğunu nəzərə alanda, Moskvanın Qazaxıstan qorxusunun səbəbi məlum olar. Bütün bunlara görə Lavrov Qazaxıstanı təhdid etməyə başlayıb. Qeyd edim ki, Ukraynada məruz qaldığı qorxunc itkilərdən sonra Rusiya Qazaxıstana hərbi müdaxilə etmək gücündə deyil. Qazaxıstanın Özbəkistanla qarşılıqlı hərbi yardım haqqında müqaviləsi var. Ukraynada “dişləri tökülmüş” rus hərb maşını Qazaxıstan-Özbəkistan ittifaqına qarşı heç bir uğur qazana bilməz. Üstəlik, Qazaxıstana qarşı hərbi müdaxilə Rusiyanın daxilindəki türk xalqlarının, ilk növbədə tatar və başqırdların öz müqəddəratını təyin etmə mübarizəsini tətikləyə bilər. Bununla belə, beynəlxalq ictimaiyyət Rusiyanın yeni müstəmləkəçilik siyasətinə qarşı mövqeyini sərtləşdirməlidir. Hesab edirəm ki, ilk addım olaraq beynəlxalq ictimaiyyət Rusiya müstəmləkəsindəki xalqların öz müqəddəratını təyin etmə hüququnu rəsmən tanımalıdır. Bizim üzərimizə düşən vəzifə isə Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan qardaş xalqlarımızın yalnız olmadıqlarını hər imkanda nümayiş etdirməkdir. Xaqani Cəfərli, politoloq

Bizə qoşulun