Medianews.az
Azərbaycan mediasının fədakar əsgəri - <span style=color:red>Ələsgər Süleymanov 53
499 baxış

Azərbaycan mediasının fədakar əsgəri - Ələsgər Süleymanov 53

Bu gün Azərbaycan mediasının aparıcı simalarından biri, “Yeni Müsavat” Media Qrupunun Baş direktoruMedianews.az saytının təsisçisi Ələsgər Süleymanovun doğum günüdür.

Ələsgər Süleymanov 1972 -ci ildə Bakıda anadan olub. O, 1978-1988-ci illərdə Tərtər şəhəri 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra, 1990-cı ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra (1992-ci ildə) Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. 1996-cı ildə həmin universitetdən məzun olub. Ələsgər Süleymanov 2012-2016-cı illər arasında hüquqşünas ixtisasına da yiyələnib. O, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin məzunudur.

Ələsgər Süleymanovun media sahəsindəki fəaliyyəti ilk növbədə “Yeni Müsavat”la bağlıdır. Gənclik illərindən, 1993-cü ildən “Yeni Müsavat”da çalışan Ələsgər Süleymanov indiki hesabla ömrünün 32 ilini bu qəzetə, həmçinin XXI əsrdə genişlənərək eyni ad altında holdinqə çevrilmiş Media Qrupuna həsr edib.

53 yaşlı Ələsgər Süleymanovun jurnalistika sahəsində fəaliyyəti təkcə xəbər istehsalı ilə məhdudlaşmır – o, medianın cəmiyyətə təsir gücünü dərindən anlayan, sözün çəkisini bilən və informasiya axınında dürüstlük prinsipini əsas tutan nadir media rəhbərlərindən biridir.

O, "Yeni Müsavat" kimi media nəhənginin inkişafı yolunda önəmli mərhələlərin əsas simalarından biri olub. Bu gün “Yeni Müsavat” təkcə xəbər portalları ilə deyil, həm də cəmiyyətin gündəmini formalaşdıran verilişləri, araşdırmaları və aktual analizləri ilə fərqlənirsə, burada Ələsgər bəyin peşəkar yanaşmasının, geniş dünyagörüşünün və zəhmətinin payı danılmazdır. Onun mətbuatdakı fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2015-ci ildə Ələsgər Süleymanov mediamızın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Ələsgər Süleymanovun təsis etdiyi Medianews.az saytı da bu gün cəmiyyətin etibarlı informasiya mənbələrindən biri kimi tanınır. Onun rəhbərliyi ilə formalaşan redaksiya siyasəti klassik jurnalistika dəyərlərinə sadiq qalmaqla, müasir media çağırışlarına da cavab verməyi bacarır, operativliyi, istər cəsarətli və məsuliyyətli xəbərləri, istərsə də cəmiyyətin dərinliklərinə toxunan yazıları ilə fərqlənir. Ələsgər Süleymanov sadəcə media qurucusu deyil – o, yeni nəsil jurnalistlərin yetişməsinə şərait yaradan, medianın cəmiyyətdəki rolunu yüksəklərə daşıyan əsl vizyoner şəxsiyyətdir.

Ələsgər Süleymanovun həyatında xüsusi yer tutan məqamlardan biri də doğulduğu torpağa – Qarabağa, Ağdama, Xıdırlı kəndinə sonsuz bağlılığıdır. O, daima Qarabağ mövzusunu gündəmdə saxlayan, Vətənin azadlığı uğrunda cərəyan edən proseslərə həssaslıqla yanaşan bir media rəhbəridir. Torpaqlarımızın işğalda olduğu illərdə qəlbində daşıdığı nisgil və doğma yurda qayıdış ümidi onu daha da güclü etdi, qələmindən süzülən hər sətirdə bu həsrət, bu ümid hiss olundu.

Bu gün torpaqlarımız azaddır. Düşmən tapdağından qurtulan neçə-neçə şəhərimizə, kəndimizə qayıdış başlanıb, bu il Ağdam şəhərinə, Xıdırlı kəndinə də qayıdış nəzərdə tutulur. Ələsgər Süleymanovun bu torpaqlara sevgisi təkcə şəxsi bağlılıq deyil – o, həm də bu sevgini öz media fəaliyyəti vasitəsilə gələcək nəsillərə ötürən, Qarabağın, Ağdamın tarixini, ağrı-acılarını və qürurunu yaşadan bir ziyalıdır.

Bu önəmli gündə Medianews.az kollektivi olaraq Ələsgər bəyi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq enerjisi, ailə xoşbəxtliyi və peşəkar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Uğurlarınız bol, yolunuz hər zaman aydın olsun, Ələsgər bəy!
Sizin kimi dəyərli media insanlarının olması Azərbaycan jurnalistikası üçün böyük qürurdur!

Medianews.az

 

Bizə qoşulun