Medianews.az
Bu silah işə düşsə... - <span style=color:red>Ekspert riskləri AÇIQLADI
188 baxış

Bu silah işə düşsə... - Ekspert riskləri AÇIQLADI

Çinin əlində tutduğu ABŞ xəzinə kağızları Trampın başlatdığı ticarət müharibəsində Pekinin ixtiyarında olan əsas silahlardan biri kimi qiymətləndirilir. 2024-cü ilin sonuna olan məlumata görə, ABŞ-ın 36 trilyon dollarlıq dövlət borcunun 8,5 trilyonu xəzinə kağızları formasında xarici hökumətlərin əlindədir. Ən böyük investor Yaponiya hökumətidir - təxminən 1,1 trilyon dollar. İkinci yerdə Çin gəlir - təxminən 750 milyard dollar. Son bir həftədə Çinin 50 milyard dollarlıq istiqrazları əldən çıxardığı deyilir. Çin kütləvi satışa keçsə, bunun ABŞ üçün hansı nəticələri olacaq? Məsələni Medianews.az-a şərh edən iqtisadçı ekspert Rövşən Ağayev deyib ki, son günlərdəki satışlar 10 illik kağızların gəlirlilik faizini 4%-dən 4,5%-ə, 30 illik kağızların gəlirlilik faizlərini isə 4,5%-dən 4,85%-ə yüksəldib: “Əgər satış davam edərsə, faizlərin yüksəlməsi, kağızların qiymətinin isə düşməsi davam edəcək. Faizlərin yüksəlməsi ABŞ xəzinəsinin borca xidmət xərclərini artırmaqla onsuz da böyük olan büdcə defisitini daha da böyütmək riskini gətirir özü ilə. Kritik vəziyyətdə ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) məcburi faiz endiriminə getməklə qabaqlayıcı addım ata bilər, amma bu da hələ aradan qalxmayan inflyasiya riskini yenidən fəallaşdırmış olur. Daha bir çıxış yolu FED-in bu kağızları geri alması ola bilər. Amma itki birtərəfli deyil: vədədən öncə kütləvi satış kağızları daha ucuza rallaşdırmaqla Çin üçün də itkilər gətirmiş olur”. R.Ağayev qeyd edib ki, 10 il əvvəl ABŞ kağızlarının daha böyük kütləsi - təxminən 1,3 trilyon dolları Çinin əlində idi: “Sonrakı dövrdə Çin bunu öz maliyyə sistemi üçün risk kimi gördüyündən həmin məbləği təxminən iki dəfə kiçiltmiş oldu. Bu silah işə düşərsə, hər iki tərəf zərərlə çıxacaq”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun