Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə vahid namizədini müəyyənləşdirmək üçün ilkin seçki başlayıb.
Medianews.az xəbər verir ki, ölkənin bütün bölgələrində keçirilən seçki Türkiyə vaxtıyla səhər saat 8-dən start götürüb, axşam saat 17-dək davam edəcək.

Ümumilikdə 5600 seçki qutusu qoyulub. CHP-nin üzvü olmayanlara da səsvermədə iştirak etmək imkanı yaradılıb. Onlardan ötrü seçki qutularının yanında “Həmrəylik qutuları” adı verilmiş ayrıca qutular təqdim edilib.
İlkin seçkidə cəmi bir namizəd var: İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu. Onun CHP-nin prezidentliyə vahid namizədi seçiləcəyi kimsədə şübhə doğurmur.

Əkrəm İmamoğlu 1970-ci ildə Trabzon bölgəsində doğulub. İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 1992-ci ildən inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib.
Cümhuriyyət Xalq Partiyası ana müxalifət qurumudur. 2023-cü il noyabrın 5-dən partiyaya Özgür Özəl sədrlik edir. 1974-cü il təvəllüdlü Özgür Özəl 2011-ci ildən parlamentin üzvüdür.
600 nəfərlik Türkiyə parlamentinin hazırda 593 üzvü var. Cümhuriyyət Xalq Partiyası parlamentdə 134 mandatla təmsil olunur.

2018-ci ildən Türkiyədə prezident həm dövlət, həm də hökumət başçısıdır. Konstitusiyaya görə, 40 yaşına çatmış ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.
Hazırda Türkiyənin prezidenti kürsüsündə Rəcəb Teyyub Ərdoğan əyləşir. O, 2003-cü ildən Türkiyənin baş naziri olub, 2014, 2018 və 2023-cü illərdə isə prezident seçilib.
Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilin mayında keçirilməlidir. Ancaq seçki vaxtının qabağa çəkiləcəyi, yəni erkən seçki keçiriləcəyi də istisna deyil. CHP-nin öz namizədini indidən müəyyənləşdirməkdə bir məqsədi də belə bir ssenariyə hazır olmaqdır.
Bir sıra ekspertlər son günlər İstanbul böyük şəhər bələdiyyəsinin başçısı Əkrəm İmamoğluna qarşı atılan addımları – 2025-ci il martın 18-də onun ali təhsil diplomunun geri alınmasına dair qərarın çıxarılmasını, martın 19-da isə müxtəlif ağır ittihamlarla tutulmasını hakimiyyətin gələcək prezident seçkisinə müdaxiləsi kimi qiymətləndirir.
Toğrul Əli,
Medianews.az