Medianews.az
"Neftin qiyməti 1 dollar düşəndə valyuta gəlirlərimiz günə 500 min dollar azalır" - <span style=color:red>Natiq Cəfərli
324 baxış

"Neftin qiyməti 1 dollar düşəndə valyuta gəlirlərimiz günə 500 min dollar azalır" - Natiq Cəfərli

Siyasətçi, iqtisadçı Natiq Cəfərli sosail şəbəkədə neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsirlərindən yazıb. Medianews.az-ın məlumatına görə, N.Cəfərli bildirib: “Neftin qiyməti 70 dollara qədər endi, ABŞ-ın OPEK+ dən istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır: OPEK+ ölkələri aprel ayından başlayaraq hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər – bu isə mərhələli şəkildə bazara 2,2 milyon barel neftin əlavə olaraq daxil olması deməkdir. İki borudan asılı olan Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür – doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq lazımdır. Hələlik 2025-ci ilin ilk iki ayında orta qiymət 80 dollara yaxındır, amma martda bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil. Neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Yəni ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 milyon, ayda 75 milyon, ilə isə 900 milyon dollar daha az valyuta daxil olması deməkdir. Amma bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq”.

Bizə qoşulun