“ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları səbəbindən Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hazırkı formada fəaliyyətini dayandıra bilər”. Bu fikri Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı, admiral Ceyms Stavridis deyib. “Ola bilsin ki, biz NATO-nun sonunun və “Avropa Müqaviləsi Təşkilatı” adlandırıla biləcək təşkilatın başlanğıcının şahidi oluruq”, – deyə o bildirib.

Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin epik ölçülərdə geosiyasi səhvə çevrilmiş Kiyevə hərbi yardımı davam etdirmək istəmədiyini açıq şəkildə bildirib: “İndi Avropa üçün yaşıl işıq yanır və onlar addım atmalı və bununla davam etməli olacaqlar”. Admiral hesab edir ki, ABŞ-nin Ukraynaya münasibətdə davranışı, eləcə də Vaşinqtonun müdafiə xərclərini artırmaq üçün avropalı müttəfiqlərinə təzyiqi alyansın ürəyinə zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini gündəmə gətirir.
ABŞ-də hazırda açıq-aşkar NATO-dan çıxmağa çağrışlar var. Donlad Trampın ən yaxın adamlarından olan milyarder İlon Mask da ABŞ-nin NATO-dan çıxmasını təklif edib. Belə getsə, NATO parçalana bilərmi? ABŞ NATO-dan çıxa bilərmi? O halda Avropa ölkələrini birləşdirən yeni bir hərbi blok yarana bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, hələlik NATO-nun dağılmasından danışmaq tezdir. Onun sözlərinə görə, ABŞ-də bəzilərinin NATO-dan çıxmaqla bağlı çağırışları daha çox NATO üzvü olan Avropa ölkələrinə təzyiq xarakteri daşıyır: "Çünki Donald Trampın siyasəti belədir ki, əvvəlcə hədəfləri ən yüksəkdən qoyur. Sonra davamlı təzyiqlərlə ən azından istədikləri hədəfə çatmağı təmin edir. Bu motivlə ABŞ-nin NATO-dan çıxması təhdidini yaratmaqla istədiyinə nail olmaq istəyir. Onun əsas məqsədi Avropa dövlətlərinin NATO büdcəsinə qatqısını artırmaqdır. Əgər əvvələr ümumidaxili məhsulun yalnız 2 faizi tələb olunurdusa, indi artıq 5 faizə qədəri tələb edilir. Bunu ABŞ tələb edir. Vaşinqton deyir ki, müdafiə olunmaq istəyirsinizsə, əlinizi cibinizə salın”.
N.Mirinin fikrincə, əslində bu o qədər də ədalətsiz yanaşma deyil: “Vaxtilə Avropanın çiçəklənməsi, texnoloji və digər cəhətdən güclənməsi, təhlükəsizliyinin təmin olunması üçün maliyyə xərcləri öhdəliyinin xeyli hissəsini ABŞ öz üzərinə götürmüşdü. Ancaq Donald Tramp daha o dövrdəki ABŞ başçılarından deyil. O, hər şeyi hesablayan və ilk növbədə ABŞ-nin güclənməsini istəyən dövlət başçısıdır. Eyni zamanda biznesmendir. Onun bütün fəlsəfəsi mənfəətə hesablanıb. Bu baxımdan Avropa ilə ABŞ arasında fikir ayrılıqları hələ bir müddət də davam edəcək”.

Politoloq vurğulayıb ki, Avropa artıq təhlükəsizliklə bağlı öz narahatlıqlarını bildirməkdədir: “Prezident Emmanuel Makronun təşəbbüsü ilə öncə Fransada, daha sonra baş nazir Keir Starmerin təşəbbüsü ilə Britaniyada bəzi NATO ölkələrinin birgə toplantısının keçirilməsi məhz buna xidmət edir. Əslində ortada müəyyən müsbət tendesiyada ola bilər. Yəni Trampın bu cür siyasəti, davranışları, tələbləri olmasaydı Avropa hələ də şirin yuxularda davam edəcəkdi. Məhz belə bir vəziyyət və zərurət Avropanı sanki ayıldır. Avropanın özünün müdafiə ilə bağlı konkret qərarlar verməsi getdikcə ciddi məsələyə çevrilməyə başlayıb. Buna rəğmən hələlik NATO-nun parçalanmasından danışmaq tezdir. Əgər belə bir parçalanma olacaqsa, bu, Rusiya-Ukrayna müharibəsinin nəticəsi əsasında baş verə bilər. Çünki ABŞ siyasətində dəyişiklik etməsə, Avropa Ukrayna məsələsinə görə özünü ciddi təhlükə qarşısında hiss edəcək. Bu gün Avropa qitəsinin şərq cinahını qoruyan Ukraynadır. Artıq Avropa anlamağa başlayıb ki, Ukrayna ram edilərsə, tam işğal olunarsa, Rusiya Avropa qitəsinin şərq sərhədləri ilə həmsərhəd olacaq. Bu da həm Polşaya, digər Şərqi Avropa ölkələrinə, həm də Baltikyanı ölkələrə çox böyük təhlükə yaradacaq. Bu gün böyük və döyüşən Ukraynanı işğal etmək istəyən ölkə sabah kiçik Baltikyanı ölkələri bir içim su kimi rahatlıqla uda bilər. Avropada bunun fərqinə varmağa başlayıblar. Ona görə də Londonda qəbul olunan qərarlardan biri də bundan ibarətdir ki, Ukraynanı müdafə etmək və sülh prosesini, barışı təmin etmək üçün koalisiya yaradılsın. Ukrayna ilə birlikdə bu kontekstdə sülh planı hazırlansın. Həmin sülh planı ABŞ-yə də təqdim olunsun. ABŞ-nin iştirakı ilə bu sülh planını həyata keçirməklə bağlı fəaliyyətə başlanılsın. Belə bir sülh planı ortalığa çıxarsa, amma ABŞ bunu qəbul etməzsə, Rusiyanın tərəfini tutub Ukraynanı təslim olmağa məcbur etməyə çalışarsa, o zaman NATO-da çox ciddi fikir ayrılığı, parçalanma yarana bilər. Bu proses isə öz növbəsində alternativ hərbi blokun, bu dəfə hətta Ukraynanın da qoşulacağı bir blokun yaranmasına gətirib çıxara bilər. Ancaq hələlik buna qədər xeyli məsafə var”.
Medianews.az xatırladır ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 32 üzvü var. NATO-nu 1949-cu ildə ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya yaradıb. Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar. Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub. İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib. Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib. Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar. Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb. Monteneqro 2017-ci ildən ittifaqdadır. Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib. Finlandiya quruma 2023-cü, İsveç 2024-cü ildə qoşulub.
Nailə Qasımova,
Medianews.az