05.03.2025, 08:17
148 baxış
Lamiyə
Müəmmalı xəstəlik 60 nəfərin CANINI ALDI
Konqo Demokratik Respublikasının şimal-qərb bölgəsində yanvar ayında başlayan müəmmalı xəstəlik indiyədək 60 nəfərin həyatına son qoyub.
Medianews.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin səbəbini araşdırır.
ÜST-nin fövqəladə hallar üzrə direktoru Dr. Maykl Rayan açıqlamasında bildirib ki, xüsusilə Bomate kəndində baş verən ölümlərin arxasında sudan zəhərlənmənin ola biləcəyinə dair güclü şübhələr var.
Kəndlərdə müşahidə olunan xəstəlik hallarının 98%-i, ölüm hallarının isə 86%-i bu bölgədə baş verib.
Xəstələr malyariya üçün müsbət nəticə versələr də, onlar bu xəstəlikdə müşahidə olunmayan simptomları da göstərirlər: boyun sərtliyi, burun qanaması, qusma və ishal. ÜST hesabatlarına görə, epidemiya yarasa əti yedikdən sonra 48 saat ərzində bir neçə uşağın ölməsi ilə başlayıb.
Ölməzdən əvvəl uşaqlarda Ebola və ya Marburq viruslarının törətdiyi simptomlara bənzər hemorragik qızdırma əlamətləri müşahidə olunub.
Bölgənin çətin coğrafi quruluşu tibb qruplarının xəstələrə vaxtında müdaxilə etməsinə mane olur. Bu səbəbdən bir çox xəstə yardım gəlmədən həyatını itirir.
ÜST su intoksikasiyasından başqa, menenjit və ya kimyəvi maddələrə məruz qalma kimi digər imkanları da araşdırır. Mütəxəssislər oxşar hadisələrin əvvəllər də bölgədə baş verdiyini xatırladır və əhalinin sağlamlığının qorunması tədbirlərinin artırılmasının vacibliyini vurğulayırlar.
Medianews.az