Medianews.az
Bizə yeni paytaxt lazımdırmı? – <span style=color:red>Yazıçının təklifinə memarın cavabı
325 baxış

Bizə yeni paytaxt lazımdırmı? – Yazıçının təklifinə memarın cavabı

Yazıçı, jurnalist Rəşad Məcid bugünlərdə paytaxtın dəyişdirilməsi, işğaldan azad olunmuş Ağdamda və Xankəndidə yeni paytaxt salınması təklifi ilə çıxış edib. O bildirib: “Cənab Prezident Ağdama, Xocalıya, Xankəndiyə son səfərində 1 nömrəli Ağdam məktəbində də oldu. Bu səfər mənim üçün də çox təsirli idi. Ona görə ki, mən də həmin 1 nömrəli məktəbdə oxumuşam. Hazırda o məktəbin tikintisi gedir. Ağdamdakı yeni quruculuq işləri ilə də tanışam. Həmişə də demişəm ki, Ağdam yaddaşımızda olan, uşaqlığımızın keçdiyi Ağdamdan daha əzəmətli və böyük şəhər olacaq. Mən hələ zəfərimizdən öncə həmişə deyirdim ki, Ağdamda gələcəkdə 1 milyonluq şəhər salmaq lazımdır”. Rəşad Məcidin fikrincə, Ağdam və ya Xankəndi paytaxt üçün əlverişli namizəd şəhərlərdir: “Vaxtilə biz “525-ci qəzet”də yeni paytaxta ehtiyac olduğu haqda yazılar yazırdıq. O yazılarda Azərbaycanın, Bakının yüklənməsi ilə bağlı problem qaldırılırdı. Eyni zamanda, Azərbaycanın hansı regionunda yeni paytaxtın daha münasib olacağı barədə fikirlər səslənirdi. Müxtəlif regionların adı çəkilirdi. Zəfərimizdən sonra, əlbəttə, şərait başqadır. Mən arzulayıram və düşünürəm ki, ya Araz sahilində yerləşən hansısa şəhərimizdə, yaxud Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər. İnfrastrukturu inkişaf etmiş, böyük bir şəhərdə yeni paytaxt salına bilər. Arzulayırıq ki, belə bir istək reallaşsın. Ağdamın böyük ənənələri var. Ağdam Qarabağın iqtisadi, mədəni mərkəzi olub. Şuşa Azərbaycanın mədəni mərkəzi kimi inkişaf edir. Hesab edirəm ki, Ağdam da bir iqtisadi paytaxt kimi inkişaf edə bilər. Gələcəkdə siyasi paytaxtımızın da dəyişməsi arzuolunandır”. Medianews.az saytı Rəşad Məcidin təklifinə memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyevin münasibətini öyrənib. E.Əliyev deyib: “Mən bu təklifin əleyhinəyəm. Bəlkə də iddia olaraq yaxşıdır. Amma hesab edirəm ki, biz hələ buna hazır deyilik. Yeni paytaxtın tikilməsinə ayrılacaq vəsaiti Azərbaycanın uzaq bölgələrinin, kəndlərinin yenidən qurulmasına ayırmaq gərəkdir”. Memar xatırladıb ki, son 20-30 ildə Bakıya bölgələrdən çoxlu sayda insan gəlib: “Əhalinin Bakıya axın etməsinin səbəbi bölgədə problemlərin həll olunmamasıdır. Ona görə bölgələri inkişaf etdirmək, yeni iş yerləri açmaq lazımdır ki, insanlar öz yurdlarına qayıda bilsinlər. Hətta elə etmək olar ki, paytaxt sakinləri özləri rayonlarda, kəndlərdə məskunlaşmağa meyillənsinlər. Rayonlarda normal şərait qurulmalıdır ki, əhalinin Bakıya axışmasına ehtiyac qalmasın. Bölgələrdə iş yerləri, zavodlar, fabriklər, ticarət mərkəzləri açmaq, həyat səviyyəsini paytaxtdakı ilə eyni səviyyəyə qaldırmaq lazımdır. Onda yeni paytaxt salmaq söhbətləri də bitəcək”. E.Əliyevin sözlərinə görə, inkişaf etmiş ölkələrin böyük şəhərləri ilə kəndlərində faktiki eyni həyat tərzi var: “Eyni mağazalar, yollar, parklar, kino klubları, mədəniyyət, istirahət ocaqları, iş yerləri, ofislər var. Gəlin elə ölkə quraq ki, onun hər yerində özünü paytaxtdakı kimi hiss edəsən. Nəyə görə yeni paytaxt qurulmalıdır? Yenə göydələnlər tikiləcək, şəhərsalma nöqteyi-nəzərindən ciddi yanlışlıqlara yol veriləcək, iri maliyyə vəsaitləri ətrafında şübhəli əməliyyatlar ortaya çıxacaq”. Professor E.Əliyevin fikrincə, paytaxtın dəyişdirilməsi təklifləri əslində Bakıda şəhər məsələlərini həll edə bilməməkdən qaynaqlanır: “Bu gün icra hakimiyyəti orqanları şəhərsalma nöqteyi-nəzərindən Bakının problemlərini həll edə bilmirlər və inandırıram sizi, yeni paytaxt salınsa belə oxşar problemlərin əlində aciz qalacaqlar”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun