Bugünlərdə “Global Media Group”a daxil olan onlayn resurslara genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirildi. Report.az, Oxu.az, Media.az, Caliber.az, Baku.ws saytlarının və "Baku TV"nin fəaliyyətində müvəqqəti problemlər yarandı. “Global Media Group” bəyan edir ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı Azərbaycanın aidiyyəti dövlət qurumlarına məlumat verilib və məsələ onların ciddi nəzarətində saxlanılır.
Cinayətkarlar hücum etdikləri saytlarda yerləşdirdikləri elanda özlərini İran təəssübkeşləri (“hüseynçilər”) kimi təqdim etsələr də, mediada yayılan şərhlərdə şübhələrin daha çox Rusiya və Fransaya yönəldiyi vurğulanır.
Bu hadisəni Azərbaycana qarşı hibrid müharibə kimi qiymətləndirmək olarmı? Belə demək mümkündürmü ki, hansısa xarici ölkə, yaxud ölkələr Azərbaycanla hibrid müharibəyə başlayıb? Azərbaycan bu sayaq müharibəyə hazır olmaq üçün nə etməlidir?
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, Azərbaycanın informasiya məkanındakı bir neçə sayta eyni anda kiberhücumların baş verməsi ölkəmizə qarşı hibrid müharibə kimi qiymətləndirilə bilməz: “Azərbaycanda hər gün yüzlərlə, bəlkə də minlərlə hücum olur. Dövlət qurumlarına, özəl sektora, vətəndaşlara da kiberhücumlar edilir. Doörudur, vətəndaşlara qarşı kiberhücumlar daha çox kiberdələduzluq müstəvisində olur. Qurumlara və bisneslərə olan kiberhücumlar bir qədər fərqli motivlərdədir. Təbii ki, qurumlara olan hücumların böyük əksəriyyəti uğursuz olur. Bəzən isə kibercinayətkarlar öz niyyətlərinə nail ola bilirlər. Ona görə biz hazırda soyuq müharibədə və ya hibrid müharibədə olduğumuzu bu cür motivlərlə qiymətləndirə bilmərik. Hibrid müharibə daha çox cəmiyyətdə çaşqınlıq yaratmaq, yalançı hadisələri gerçək kimi göstərərək xalqı təşvişə salmaq cəhdlərinə aiddir. Bir və ya bir necə saytı tam sıradan çıxarmaq deyil, həmin saytları ələ keçirib orada saxta xəbərləri hiss edilmədən yaymaq hibrid müharibənin əlamətidir. Hibrid müharibə cəmiyyətdə psixoloji manipulyasiyalara nail olmaq motivlərində özünü göstərir. Azərbaycanın informasiya məkanındakı önəmli xəbər resurslarına, həmçinin bir media qrupuna məxsus olan saytlara yönəlmiş kiberhücumlar daha çox hansısa dəstənin həmin media qrupuna qərəzi kimi görünür. Bu, birbaşa Azərbaycana qarşı hədəflənmiş bir hərəkət sayıla bilməz. Hibrid müharibə olsaydı, AZƏRTAC, AzTV kimi qurumlar da hədəfə alınardı.
Başqa bir motivdən yanaşsaq, onsuz da fiziki serveri ələ keçirmişdilər. Hakerlər istəsəydilər, güman ki, saytların məlumat bazalarını da dağıda bilərdilər. Amma onlar məlumat bazasını silməyi yox, qarşı tərəflə sanki oyunvari bir üsulla rəftar etdilər. Saytların bekapları (məlumatların ehtiyat nüsxəsi) geri qayıtsa da, yenidən hücumlar olurdu. Bu da o deməkdir ki, onlar əvvəldən serverə yerləşmişdilər. Bəlkə bekapların da içərisində onların zərərli yazılımları var idi və sistemə yenidən daxil ola bilirdilər”.
E.Abbasovun ehtimalına görə, hakerləri qıcıqlandıran yəqin ki, sözügedən media resurslarındakı hansısa xəbərlər, şərhlər olub: “İstənilən halda bu hadisəni Azərbaycanda kibertəhlükəsizliyə daha çox diqqət yönəldilməsinin vacibliyinə bir siqnal kimi qəbul etmək lazımdır. Digər saytlar da bu istiqamətdə özlərini təkminləşdirməlidir”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.