“Beynəlxalq Əmək Təşkilatının və Dünya İqtisadi Forumunun hesabatlarına görə, 2030-cu ilə qədər avtomatlaşdırma dünya üzrə təxminən 85 milyon iş yerinin itirilməsinə səbəb olacaq. Bunun əvəzində isə 97 milyon yeni iş yeri yaradılacaq. Yəni iş yerləri yox olmayacaq, sadəcə transformasiya ediləcək. Əsas məsələ yeni bacarıqlara sahib olmaqdır.” O, xüsusilə aşağıdakı sahələrin risk altında olduğunu vurğulayıb: Mühasibat və maliyyə – Süni intellekt artıq maliyyə hesabatlarını analiz edir və vergi planlamasını avtomatlaşdırır. Kassir və müştəri xidmətləri – Rəqəmsal bankçılıq və AI əsaslı çatbotlar bu sahədə çalışanların sayını azaldır. Ənənəvi jurnalistika – Süni intellekt məqalələr yaza, xəbərləri avtomatik analiz edə bilir. Sənaye və istehsalat – Zavodlarda insan əməyini əvəz edən robot texnologiyalarının tətbiqi genişlənir. Hüquq məsləhətçiliyi – Süni intellekt müqavilələri analiz edə və hüquqi məsləhətlər verə bilir. Gələcəyin perspektivli sahələri hansılardır? Ekspertə görə, yeni dövrdə tələbat duyulan bacarıqlar fərqli olacaq: “Gələcəkdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, bərpa olunan enerji, biotexnologiya, tibbi informatika və robototexnika sahələrində mütəxəssislərə daha çox tələbat olacaq. Məsələn, İsveç və Almaniya kimi ölkələr bərpa olunan enerji texnologiyalarına ciddi investisiyalar qoyur və bu sahədə mütəxəssislərə böyük ehtiyac var”. Kamaran Əsədov universitetlərin əmək bazarının tələblərinə uyğunlaşmasını vacib hesab edir: “Təkcə nəzəri biliklər kifayət etmir. Universitetlər interdisiplinar proqramlar yaratmalı, tələbələrə həm texniki, həm də sosial bacarıqlar qazandırmalıdırlar. Mühəndislik oxuyanlar biznes biliklərinə də sahib olmalı, hüquqşanaslıqda oxuyan tələbələri texnologiya hüququ sahəsində də ixtisaslaşmalıdırlar. Əks halda, əmək bazarında rəqabətə davam gətirmək çətin olacaq.” Ekspertin fikrincə, müasir dövrdə tək bir ixtisasa sahib olmaq yetərli deyil: “İnsanlar ömür boyu yeni bacarıqlar öyrənməli və daim yenilənməlidirlər. Artıq Google, Microsoft və Tesla kimi şirkətlər işə qəbul zamanı yalnız universitet diplomuna yox, praktiki bacarıqlara və öyrənmə qabiliyyətinə üstünlük verirlər. Ona görə də tələbələr tənqidi düşünmə, analitik təhlil, rəqəmsal savadlılıq və adaptasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Kim bu bacarıqlara yiyələnsə, o, gələcəyin əmək bazarında uğur qazanacaq".