Qəzza zolağında ötən gün atəşkəs razılaşması əldə olunub. "Əl-Qahira Əl-İxbariya" telekanalının yaydığı məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb. "Əl-Cəzirə" telekanalı isə bildirib ki, Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq.
Bütün bu məlumatların ardınca Fələstin mənbələri İsrail-Fələstin münaqişəsində kritik qərarın verildiyini və HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etdiyini açıqlayıb. Qeyd olunub ki, HƏMAS İsrail ordusunun Qəzzanın şəhər mərkəzindən çıxarılmasını nəzərdə tutan xəritəni aldıqdan sonra saziş layihəsinə müsbət cavab verib.

İsrailin təhlükəsizlik kabineti və hökuməti Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasını səsverməyə çıxarıb. HƏMAS rəhbərliyi də razılaşmaya müsbət cavab verib. Razılaşma elan edildikdən sonra 24-48 saat ərzində atəşkəsin başlayacağı bildirilib. Elə həmin gün axşam Qətərin baş naziri mətbuata açıqlamasında deyib ki, HƏMAS və İsrail Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin yaradılması barədə razılığa gəliblər. Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək.

Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində növbəti mərhələnin şərtləri müəyyənləşəcək. Qətərin baş naziri, həmçinin, HƏMAS-ın İsraillə razılaşmanın birinci mərhələsində 33 girovu azad edəcəyini təsdiqləyib. Vasitəçilər İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını təmin etmək üçün danışıqların davam etdirilməsini təminatçısı kimi çıxış edirlər.

Yaxın Şərqdəki son prosesləri
Medianews.az-a şərh edən politoloq Ərəstun Oruclu bildirib ki, bu anlaşma Qəzzada müharibəni dayandırmayacaq. Onun sözlərinə görə, İsrail Qəzzada kifayət qədər insan qətlə yetirib: "Hələlik evsiz-eşiksiz qalan, evləri dağıdılmış fələstinlilər buna sevinirlər ki, ən azı bombardmanlar, qətllər davam etməyəcək. Amma təkcə BBC-nin verdiyi məlumata görə, 45800 nəfərdən yuxarı insan qətlə yetirilib. Bunun mütləq əksəriyyətinin HƏMAS-a heç bir adiyyəti yoxdur, mülki şəxslərdir. 110 minə yaxın adam yaralanıb. İsrailin Qəzzada törətdiyi faktiki soyqırımdır. Mən düşünmürəm ki, fələstinlilər bunu İsrailə bağışlayacaqlar. Ona görə də bu atəşkəs tərəflər üçün gücünü səfərbər eləmək üçün hazırlıq kimi nəzərdən keçirilir. İsraillə fələstinlilər arasında istər HƏMAS olsun, istər digərləri olsun, heç vaxt sülh olmayacaq. İsrail bir şərt də irəli sürüb ki, artıq Qəzzada HƏMAS idarəçiliyi olmamalıdır. Burada istər vasitəçiliyi Qərb, istər Donald Tramp və ya Co Bayden, istərsə də Avropa etsin, fərqi yoxdur, bu sülh olmayacaq. Çünki İsrailin cinayətlərini ona bağışlamayacaqlar".

Ə.Oruclu qeyd edib ki, bu gün İsrail Qəzzada əməliyyat keçirib və faktiki olaraq orada yəhudi dövlətinin inşaatçıları, texnikaları işləyir: "İsrail Qəzzanı 3 sektora bölmək istəyir. Təl-Əviv oradan çəkiləcəkmi? Məncə çəkilməyəcək. 3 sektora bölmə dedikdə təhlükəsizlik zolaqlarının yaradılmasını nəzərədə tutur. İsrailə həmin təhlükəsizlik zolaqları tam nəzarətə imkan verir. Bu şərtlər çərcivəsində sülh olacağı qətiyyən inandırıcı deyil. İsrail öz avantürist siyasəti nəticəsində hələ Suriyadan hansı cavab gələcəyini bilmir. Suriyada hazırda söz sahib olan Türkiyə ilə münasibətləri necə olacaq? "Hizbullah" özünə gələndən sonra hansı addımları atacaq? Ona görə də indi İsrailə də müəyyən vaxt lazımdır ki, nəfəsini dərsin. Başqa heç bir şey olmayacaq. Təsir rıçaqları hamının əlində var - Qərbin, İranın, Rusiyanın da o cümlədən. Çünki İranla Rusiya HƏMAS, "Hizbullah" və husilərlə, Qərb isə İsraillə işləyir. İsrail-Fələstin münaqişəsi yalnız o halada həll oluna bilər ki, fələstinlilərlə israillilər özləri dil tapıb danışıq aparsınlar. Amma bu da mümkün deyil. Çünki İsrail mərhələ-mərhələ Fələstinin torpaqlarını ilhaq edərək oraya radikal dindarları, sionistləri köçürüb, onlara məskənlər yaradıb. Fələstinin minlərlə kvadrat kilometr torpağı bu cür zəbt olunub. Fələstin torpaqları yox olmaq həddindədir. Sülh zəmini o zaman ola bilər ki, dövlətlər 1964-1967-ci il sərhədlərinə qayıtsınlar. Bu da olmayacaq, İsrail bunu etməyəcək".
Nailə QASIMOVA