Medianews.az
Açıq-saçıq geyinənlərə ÖLÜM CƏZASI: <span style=color:red>İranda yeni qanun QÜVVƏYƏ MİNİR - FOTO
231 baxış

Açıq-saçıq geyinənlərə ÖLÜM CƏZASI: İranda yeni qanun QÜVVƏYƏ MİNİR - FOTO

İranda qadınlar bu həftə qüvvəyə minəcək yeni məcburi əxlaq qanunlarını pozduqları təqdirdə ölüm cəzası və ya 15 ilədək həbs cəzası ala bilərlər. Xarici medianın yaydığı məlumata görə, "Mədəni iffət və hicab" haqqında yeni qaydalar İran hakimiyyəti tərəfindən dekabrın əvvəlində qəbul edilib. Onlar "çılpaqlığı, əxlaqsızlığı, açıqlığı və ya qeyri-münasib geyimi təbliğ edənlər" üçün sərt cəzalar nəzərdə tutur. Bu qanunun pozulmasına görə 15 900 dollara qədər cərimə, qamçılama və 5 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur. Qeyd olunur ki, hətta bu cür davranışa görə qadın İran Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən ölüm cəzasına məhkum edilə bilər. Belə idarəetmə, yeni qanunun qüvvəyə minməsi İran cəmiyyətində necə qarşılanacaq? Bunu İranda qadın azadlığının daha da məhdudlaşdırılması istiqamətində növbəti addım hesab etmək olarmı? Nəzərə alsaq ki, bundan bir müddət öncə İranda məhz qadınlarla bağlı məsələ üzərindən başlayan etirazlar bütün ölkəni əhatə etdi, ciddi problemlər yaşandı, yeni qanunun tətbiqi oxşar hadisələrin təkrarlanmasına səbəb ola bilərmi? Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, cənub qonşumuzda 2022-ci ilin payızında “Qadın, Azadlıq, Ədalət!” şüarı ilə başlayan hərəkatda Tehran rejminin tətbiq etdiyi hicab qaydalarına qarşı çıxmaq İran hakimiyyətinin xeyrinə olub. Onun sözlərinə görə, hicaba qarşı çıxmaq eynən Tehran hakimiyyətinin təməl şüarlarından olan “İsrailə ölüm, ABŞ-yə ölüm” şüarına qarşı çıxmağa bərabərdir: “Çünki hicab rejmin təməl məsələsidir. İnqilabın ilk illərində, yəni 45 il öncə qadınlar məcburi hicaba qarşı çox böyük etiraz aksiyaları keçirmişdilər. Bu məsələ ilə bağlı həbs olunanlar, təqib olunanlar, hətta öldürülənlər olmuşdu. Yenidən bu məsələnin iki il öncə gündəmə gətirilməsində təşkilatçılar və ya idea müəllifləri bir qədər yanlışlığa yol vermişdilər. Çünki hicab yanlız Tehran hakimiyyətinin deyil, ölkə cəmiyyətinin də bir ənənəsidir. Tehranda cəmiyyət hicabı hər zaman qoruyub və sərbəst geyimlər də olub. Düzdür, hicaba etirazla cəmiyyət bir növ Tehran rejiminə etiraz edir. Məsələn, qadınlar çılpaq vəziyyətdə küçədə aksiya keçirir və rejimə etiraz edirlər. Bu, cəmiyyətin içindən gələn etirazdır. Amma Tehran hakimiyyəti bundan sui-istifadə edərək belə məsələlərdə qaydaları daha da sərtləşdirir”. Siyasi şərhçinin qənaətincə, İranda azadlıq, bərabərlik, ədalət, insan hüquqlarının qorunması kimi şüarların irəli sürülməsi daha məqbul olardı, nəinki hicaba qarşı olan şüarlar: “Qadın azadlığı şüarını irəli sürmək doğrudur. Amma qadın azadlığı təkcə hicabla məhdudlaşdırılmır. Elə qadınlar var ki, baş örtüsünə üstünlük verir, elələri də var ki, bunu istəmir. Ona görə də düşünürəm ki, “Qadın azadlığı hicabdan başlayır” kimi şüarlar məntiqli deyil. Bu səbəblə də Tehran hakimiyyəti hicab qaydalarını sərtləşdirdi. Cərimə, cəza və sair tətbiq etdi. Bu, adi saçın görünməsi kimi məsələlərə tətbiq edilməyəcək. Fikrimcə, yeni qaydalar qadınların çılpaq olması, açıq-saçıq geyinən qadınlar üçün tətbiq olunacaq. Çünki Tehran hakimiyyəti bu istiqamətdə təyziqləri, qaydaları sərtləşdirdikcə cəmiyyətin rejimə qarşı müqaviməti, etirazı da artır. Bu məsələni İranda müxtəlif din xadimləri, ictimai-siyasi xadimlər də dilə gətirirlər. Hətta İran Prezidenti Məsud Pezeşkian seçki öncəsi kampaniyasında da bu məsələdə müəyyən təyziqlərin edilməməsi tərəfdarı olaraq çıxış etmişdi”. S.Soltanın sözlərinə görə, İranda din xadimləri hesab edirlər ki, İslam heç də hicabla məhdudlaşdırılmır: “Hazırda İranda bu qanun hələ icra olunmur. Bu qanunun icrası zamanı cəmiyyətlə rejim qüvvələri arasında toqquşmalar olacaq. Amma digər tərəfdən, rejmə qarşı ciddi təhlükələr var. Ona görə də, əgər hakimiyyət bu qaydaların sərtləşdirməsini icrasını gücləndirər, kəskinləşdirərsə, o zaman özü üçün əlavə ciddi problemlər yaradar. Tehran hakimiyyəti üçün regionda onsuz da yetərincə problem var. Odur ki, hakimiyyət yalnız və yalnız bəlli qanundan ehtiyac yarananda, yaxud hanısa ictimai, siyasi xadimi və sairi təqib, təzyiq edəndə, ona qarşı ittiham irəli sürmək istəyəndə, ayrı bəhanə tapmayanda bu məsələdən istifadə edə bilər. Ola bilər ki, ilk dövrdə bu qanunun həyata keçirilməsi sərtləşdirilsin, gücləndirilsin. Amma sonrakı mərhələdə ona ciddi əməl olunacağı ehtimalı azdır”. Nailə QASIMOVA

Bizə qoşulun