Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada yeni rəhbərliyin formalaşdırılması istiqamətində müzakirələr aparılır. Türkiyə mediasının iddiasına görə, ölkənin gələcək rəhbərliyində yer ala biləcək 10 potensial namizəd var. Onlar arasında keçmiş baş nazir Riyad Hicab və Suriya silahlı müxalifətinin lideri Əhməd əl-Şaraa (Məhəmməd əl-Qolani (Culani) kimi tanınır) da yer alır. Maraqlıdır, perspektivdə Suriyanın yeni rəhbəri kim olacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, hazırda proseslər Azərbaycan üçün əlverişli olmaqla davam edir.

Onun sözlərinə görə, Suriyanın müvəqqəti hökumətinin rəhbəri türkmən Abdurrahman Mustafadır: “Təxminən il yarım ərzində o, müvəqqəti hökumətə rəhbərlik edəcək. Bu da az müddət deyil. Eyni zamanda qardaş Türkiyənin bu prosesdə bir nömrəli rol oynaması əlavə ümidlər verir. Bu və ya digər şəkildə fərqli müxalif liderlərin önə çıxması, proseslərdə yer alması qaçılmazdır. Suriya hər şeydən öncə indiki halında ərəb ölkəsidir. Həmçinin müxalifət təkcə türkmənlərdən ibarət deyil. Ərəblər də bu prosesin önündə gediblər. Düzdür, kürdlərin daha çox PKK, YPG yönlü olması onları bir qədər oyundan kənarlaşdırmaq üçün əsas verə bilər. Amma türkmənlərlə bağlı hər hansı narahatlıq yoxdur, olmamalıdır. Çünki türkmənlər bütün bu 15 il ərzində Bəşər Əsəd zülmünə qarşı dirənişlərdə öndə olublar, bir addım da olsa geri çəkilməyiblər. PKK, YPG isə birmənalı şəkildə terrorla məşğul olub, azadlıq mübarizəsinə əngəl törədib, hətta indinin özündə belə, o prosesi davam etdirir. Üstəlik də PKK və YPG xarici güclərin əlində oyuncaqdır. Ona görə də normal hakimiyyətin formalaşdırılmasında ərəb elementi ilə bərabər, türkmən elementi də həlledici rol oynayacaq. Ən azından ona görə ki, Bəşər Əsəddən qurtuluşun memarı qardaş Türkiyə dövlətidir”.

Siyasi şərhçinin qənaətincə, Türkiyənin proseslərdə birbaşa iştirakı, xüsusən də beynəlxalq səviyyədə məsələləri tənzimləməsi olmasaydı, yəqin ki, indiki uğur da alınmazdı: “Ona görə də gələcək Suriyanın idarə edilməsində mütləq türkmən elementi üstün yerdə olmalıdır. Ümumiyyətlə, biz hamılıqla, yəni bütün türk dünyası çalışmalıyıq ki, Suriya böyük türk coğrafiyasının bir parçası olaraq qalsın. Suriya bir ərəb dövləti ola bilər, amma tarixən türk coğrafiyasıdır. Bu coğrafiya istər Osmanlı, istərsə onunla paralel, istərsə də ondan öncəki dönəmlərdə mütləq türklərin nəzarətində olub. Bu gün müstəqil dövlətdir. Olsun, biz onların müstəqilliyini əllərindən almağa çağırış etmirik. Amma unutmamalıyıq ki, türk coğrafiyasının tarixi parçası olaraq Suriyanın üzərində həm də bizim haqqımız və məsuliyyətimiz var. Ona görə də qardaş Türkiyə ilə yanaşı, digər türk dövlətləri də Suriyanın normal hala dönməsi, inkişafı yolunda öz töhfələrini əsirgəməməlidir”.
Nailə QASIMOVA