Medianews.az
Ukrayna BORC BATAQLIĞINDA: <span style=color:red>Ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı BƏDBİN PROQNOZ
189 baxış

Ukrayna BORC BATAQLIĞINDA: Ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı BƏDBİN PROQNOZ

Ukrayna Avropa İttifaqından (Aİ) 35 milyard avro məbləğində yardım almaq üçün kredit sazişi imzalayıb. Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. “Ukrayna maliyyə naziri Sergey Marçenko Ukrayna ilə Aİ arasında 35 milyard avroya qədər makromaliyyə yardımının cəlb edilməsi barədə anlaşma memorandumu və kredit sazişini imzalayıb”, - deyə məlumatda qeyd olunur. Bildirilir ki, vəsaitlər Yeddilik Qrupunun (G7) Ukraynanın Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təcili kreditləşmə proqramı üzrə təşəbbüsünün bir hissəsidir. Noyabrın 28-də bu təşəbbüs çərçivəsində Kiyev artıq 18.1 milyard avro alıb. Ukrayna Maliyyə Nazirliyi əlavə edib ki, makromaliyyə yardımının yekun məbləği təşəbbüsün bütün tərəflərinin kredit məbləğləri təsdiqləndikdən sonra müəyyən ediləcək. Maraqlıdır, Ukrayna zaman-zaman Aİ-dən, həmçinin ABŞ-dən aldığı kreditləri qaytarmaq gücünə sahibdirmi? Ölkənin mövcud iqtisadiyyatının bu potensialı varmı? 2014-cü ildən bu yana Ukraynanın kreditləşdirməsinə ayrılan vəsaitin həcmi məlumdurmu? Bu borcun qaytarılması mümkün olmadıqda, Ukraynanı nə gözləyir? Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Ukrayna 2014-cü ildən sonra böyük həcmdə kreditlər və borclar götürməyə başlayıb. Onun sözlərinə görə, eyni zamanda müxtəlif beynəlxalq maliyyə təsisatlarından bu dövlətə yardımlar olunub: “Konkret rəqəmlərə gəldikdə, Beynəlxalq Valyuta Fondu 2014-cü ildə 17 milyard dollar həcmində maliyyə yardımı ayırıb. Dünya Bankı 2015-ci ildə 3 milyard dollar məbləğində kredit verib. Daha sonra 1.6 milyard avro məhz Avropa İttifaqı verib. Ümumiyyətlə, 2015-ci ildə Ukraynanın xarici kredit borcları bilavasitə 15 milyard dollardan bir qədər artıq olub. Lakin sonrakı dönəmlərdə bu borclanma artıb. 2016-cı ildən sonra məhz müharibə başlayan dövrə qədər də bu borclanmanın səviyyəsi artmaqda davam edib. Beynəlxalq Valyuta Fondu yenə 17 milyard dollar həcmində kredit proqramını başladıb. Dünya Bankı yenə həmin dövrdə, yəni 2016-2020-ci illərdə 5 milyard ABŞ dolları, Avropa İttifaqı 12 milyard dollar maliyyə yardımı verib. 2022-ci ildən sonra Ukraynanın müharibəyə cəlb olunması, artıq bu maliyyə yardımlarını daha da sürətləndirib. Yenidən Ukraynanın ayaqda qalması, müharibəni udması üçün həm silah-sursatla təmin olunması baxımından, eyni zamanda da ölkədə iqtisadi aktivliyin ölməməsi üçün həmin təşkilatlardan davamlı olaraq yardımlar verilməyə başlayıb. Ümumiyyətlə, beynəlxalq maliyyə qurumları və donor ölkələr tərəfindən bu Ukraynaya 45 milyard dollar həcmində kreditlər və maliyyə yardımları olub. Bu vəsait yalnız 2 il ərzində, yəni 2022-2023-cü illəri əhatə edən dövrdə Ukraynaya verilib”. İqtisadçı vurğulayıb ki, hazırda söhbət 35 milyardlıq kreditdən gedir və bu, Ukraynanın borc yükünü daha da artıracaq: “2014-2024-cü illər arasında Ukraynanın beynəlxalq maliyyə təşkilatlarından aldığı borc təxminən 45-46 milyard dollar, Avropa İttifaqından və digər ölkələrdən aldığı vəsait də təxminən eyni qədərdir, yəni 45-46 milyard dollar həcmində qiymətləndirilir. Toplam olaraq, bu ölkə həm yardımlar, həm kreditlər 90-95 milyard dollar, eyni zamanda 50 milyardlıq avro həcmində maliyyə yardımı və kreditlər alıb. Hətta bu ilin mart ayının sonlarında Ukraynanın Maliyyə Nazirliyinin verdiyi məlumatda ölkənin dövlət borcunun 151 milyard dollar olduğu bildirilmişdi”. E.Əmirov vurğulayıb ki, müharibə Ukrayna iqtisadiyyatına ciddi təsir göstərir: “Ukrayna iqtisadiyyatı ötən il təxminən 200 milyard dollar həcmində Ümumi Daxili Məhsul sahibi idi. Bu ÜDM qarşılığında kifayət qədər böyük borc yığılmışdı. Bu borcun qaytarılması ilə bağlı problemlər mütləq şəkildə baş verəcək. Düşünürəm ki, bu borcun qaytarılması o qədər də asan olmayacaq. Borcların qaytarılması ilə bağlı, yəni Ukraynaya yaşadacağı 3 ssenari mümkündür. Bunu şərti olaraq yaxşı, orta və pis qiymətləndirə bilərik. İlk növbədə orta göstərici olaraq qeyd etmək olar ki, borcların ödənilməsi üçün yenidən strukturlaşdırılması mümkündür. Bu, borcun qaytarılma qrafikinə yenidən baxılaraq borc verənlər tərəfindən yeni qrafikin müəyyən edilməsi, borcun uzunmüddətli dövr ərzində qaytarılmasına imkanların yaradılmasıdır. Pis ssenari isə odur ki, Ukrayna daha ciddi şərtlərlə üz-üzə qala bilər, hətta ərazilərinin bir hissəsini itirə bilər. Müəyyən ərazilər baxımından öz suverenliyini belə təhlükə altına ala bilər. Ən optimist ssenari isə müharibə Rusiyanın məğlubiyyəti ilə bitərsə, Ukraynanın borcları beynəlxalq səviyyədə bloklanmış Rusiyanın rezervləri, ona məxsus ehtiyatları hesabına silinə bilər. Yəni, bu 3 ssenari var. Bu ssenarilərdən hansının olması isə hesab edirəm ki, müharibənin taleyindən çox asılıdır”. Nailə QASIMOVA

Bizə qoşulun